00:00:00
Yazar
Admin User
19.01.2026 19:23 187 3 dəq oxuma
Siyasət

Sükutun hayqırdığı gecə: 20 Yanvar

Sükutun hayqırdığı gecə: 20 Yanvar

"Bir xalqın susmadığı gecə - 20 Yanvar Azərbaycan xalqının tarixində həm böyük faciə, həm də milli qəhrəmanlıq nümunəsi kimi yaddaşlarda qalıb. 1990-cı ilin bu qanlı gecəsində xalqımız azadlıq və müstəqillik uğrunda ağır itkilər verdi. Günahsız insanların həyatına son qoyulsa da, bu hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi. 20 Yanvar şəhidləri bu gün də azad və müstəqil Azərbaycanın rəmzi kimi ehtiramla anılır".

 

Bu qanlı günün şahidi Kamran Əsgərbəyli “İnformator.az”a şahidi olduğu hadisələri dilə gətirib:

 

"20 Yanvar günü səhər tezdən, hələ heç nədən xəbərimiz olmadan qardaşımla evdən çıxıb məktəbə getmək istədik. Birdən uzaqdan güllə səsləri gəldi. O səslər adi səs deyil, insanın ürəyini donduran, nəfəsini kəsən səslər idi. Qorxudan nə qaça bildim, nə danışa. Qardaşımla birlikdə geri döndük. Məktəb, dərs hər şey bir anda mənasız oldu. Evə qayıdandan sonra böyüklərin danışdıqlarını eşitdim. Gecə şəhərə girən silahlı ordu qarşısına çıxan əliyalın insanlara aman vermədi. Mən uşaq idim, amma başa düşdüm ki, bu sadəcə qorxu deyil, haqsızlıq idi. Həmin gün mən böyümədim, bir anda dəyişdim. Çünki belə günlər insanın yaddaşına həkk olunur. 20 Yanvarı unutmaq olmaz, çünki bu tarix susanların deyil, haqqını tələb edənlərin günüdür. Bu gün aradan illər keçsə də, o səslər qulağımdan getmir".

 

Mövzu ilə bağlı tarixçi Qasım Hacıyev “İnformator.az”a bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının tarixində çox dərin və sarsıcı iz qoyub:

 

“20 Yanvar faciəsi xalqın inam və gücünü qırmaq istəyirdi. Bu qanlı qırğın sonradan xalqımızın yaddaşında qəhrəmanlıq və müqavimət səhifəsinə çevrilib. Çünki həmin gecə Azərbaycan xalqı özünə qarşı yönəlmiş böyük bir imperiyanın ordusuna qarşı cəsarətlə, qorxmadan və çəkinmədən müqavimət göstərib. Biz bunu gözümüzlə gördük. Nəhəng tankların qarşısını cəsarətlə kəsən, onların üzərinə qorxmadan yeriyən oğlanları, igidləri gördük. Heç kim xalqı zorla küçələrə çıxarmayıb. Küçəyə çıxan hər kəs bilirdi ki, təhlükə var. Tanklar sürəti azaltmadan insanların üzərinə gəlib, lakin xalq geri çəkilməyib. Moskvanın göndərdiyi bu hərbi birləşmələr yeddi növ silahdan istifadə edib. Məqsəd Bakını qorxutmaq idi, amma xalq sınmayıb. İndi gənclərə deməliyik ki, azadlıq asan əldə olunmur. Bu müstəqilliyi Azərbaycan dövləti qan bahasına qurub. Bu ruhun kökü 20 Yanvar şəhidlərinin qanı ilə suvarılıb”.

 

Şəhid Arif Allahverdiyevin bacısı Sevinc Allahverdiyeva da qardaşı Ariflə bağlı xatirələrini yad edərək bildirib ki, döyüş yolu çox qürurvericidir:

 

“O, könüllü olaraq 20 Yanvar hadisələrində iştirak edib. Heç xəbərimiz olmadan gedib. 26 Fevral, Xocavənd, eləcə də 20 Yanvar hadisələrində döyüşüb. Füzuli əməliyyatları zamanı isə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 11 gün əsirlikdə qalıb. Bizə “yaralıdır” deyəndə anam inanmayıb, deyib ki, oğlum şəhid olub. Arifin cənazəsini Sumqayıtdan Bakıya qədər çiyinlərdə apardıq. Qardaşımdan sonra anam da çox yaşamayıb. Sanki bütün arzularımız Ariflə birlikdə o qara torpaqda dəfn olundu. Ulu Öndərimizin qərarı ilə qardaşımın adı İmişli rayonunda yerləşən məktəblərdən birinə verilib".

 

Vətən sağ olsun!

 

Cavahir Əsgərbəyli 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər