Süni intellektə görə, “Neftçi”nin növbəti 5 ildə çempion olma ehtimalı cəmi 35 faizdir.
Süni intellekt modeli (ChatGPT) tərəfindən aparılan statistik təhlilə əsasən, “Neftçi” klubunun 2025–2030-cu illər arasında ən azı bir dəfə Azərbaycan Premyer Liqasının çempionu olma ehtimalı 35% olub. Təhlildə komandanın son mövsümlərdəki nəticələri, rəqiblərin gücü və klubun transfer siyasəti kimi amillər nəzərə alınıb.
İdman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, qarşıdakı 5 ildə 35% olmaq ehtimalı kifayət qədər aşağı rəqəmdir:
“ChatGPT-nin proqnozu haqqında nəsə demək olmur. “Qarabağ” elə bir səviyyədədir ki, qarşıdakı illərdə bu siyasətini davam etdirsə, Qurban Qurbanovun rəhbərliyi altında komanda çempionluğu əldən verməyəcək. “Neftçi” nə etməlidir? “Neftçi” daha yaxşı heyət qurmalıdır. Bunun başqa yolu yoxdur. “Qarabağ”ı üstələmək üçün daha usta futbolçuları cəlb etməlisən, daha yaxşı seleksiya aparmalısan, keyfiyyətli futbolçulardan ibarət komanda formalaşdırmalısan”.
Nazim Xeyrxəbərli
