Sürət Hüseynovun ölüm xəbərini yayan medianın məqsədi nədir?
Bu gün Azərbaycanın keçmiş baş naziri Sürət Hüseynovun ölüm xəbəri yayıldı. Qısa bir müddət sonra xəbərin həqiqəti əks etdirmədiyi, onun hələ də komada olduğu məlum oldu.
Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətli bildirib ki, bənzər hadisələrin tez-tez şahidi oluruq: "Təsdiq olunmamış informasiyalar necə olursa xəbər qismində yayılmağa başlayır. Özü də təkcə sosial mediada deyil, elə özlərini peşəkar media adlandıran saytların arasında da yayılır. Yalnız ara bir qədər sakitləşəndən sonra xəbərlərin ardı gəlir, jurnalistlərin ağlına gəlir ki, bu məlumatı adı hallanan şəxsin yaxınları vasitəsilə dəqiqləşdirmək olar. Halbuki bu reaksiya cəld olmalıdır. Sosial mediada trend olan, dildən-dilə düşən, ictimaiyyəti maraqlandıran olaylara qarşı peşəkar medianın ilk reaksiyası məhz faktı üzə çıxarmaq yönündə olmalıdır. Nəyə görə əksi olur? Bir neçə səbəb sadalamaq olar. Bunlardan biri jurnalist elə hesab edir ki, operativlik vacibdirsə, vaxt itirmək olmaz və çoxunun “klik edəcəyi”, maraq oyadan, “sensasiyalı” başlıqlarla trendə qoşulmaq və auditoriyanı özünə cəlb etmək doğru qərardır. Çünki reytinq artacaq. Bu, həm qeyri-peşəkar yanaşmadır, həm də qısamüddətli hədəfə köklənən bir addımdır. Oxucu sənin də şaiyəbazlara qoşulduğunu biləndə artıq sənə olan inamı itmiş olacaq. Digər bir səbəb isə bilgisizlikdəndir. Həmin media qurumları və bu cür “xəbər” tirajlayanların peşəkar jurnalistika prinsiplərindən xəbərsiz olmalarıdır. Birinci səbəb daha təhlükəlidir. Çünki doğrunu bilənlərdən, ancaq onu reytinq naminə çeynəyənlərdən danışırıq. İkinciləri isə hardasa maarrifləndirib peşəkar jurnalistikaya yönəltmək ehtimalı daha çoxdur".
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosent əvəzi Vəfa İsgəndərova isə bildirib ki, jurnalistlər hər hansı bir məlumatı paylaşmamışdan qabaq ən azı 3 mənbədən dəqiqləşdirməli, doğrulamalı və bundan sonra oxucularla paylaşmalıdırlar: "Surət Hüseynovun ölüm xəbəri bir an içində ölkə gündəmini zəbt etdi. Lakin həmin xəbər bir neçə saat sonra təkzib olundu. Bu, media orqanlarında çalışan jurnalistlərin media savadlılığı, peşəkar media kodeksləri, peşə davranış qaydalarını bilməməsi ilə bağlıdır. Hətta ciddi oxucu sayına malik olan media orqanlarında da belə xəbərlərə rast gələ bilərik. Bunun əsas səbəbi kommersiya maraqları ilə bağlıdır. Buna görə də jurnalistlərin media savadlılığı olmalıdır. Media savadlılığı jurnalistlərlə yanaşı, digər seqmentlərə də aid bir sahədir. Onlar media orqanlarından əldə etdikləri informasiyanın şifrəsini açmağı bacarmalıdırlar, verilən məlumatlara dərhal inanmamalıdırlar və mənbənin dəqiqliyini öyrənməyə çalışmalıdırlar. İnformasiya savadlılığı isə peşəkar jurnalsitlərə aid bir sahədir. Bunun üçün jurnalistlər arasında informasiya savadlılığını artırmalıyıq. Məsələ ilə bağlı təlimlərin, seminarların sayı artırılmalıdır. Bildiyimiz kimi nəinki jurnalistlər, bütün əhali informasiya istehlakı ilə məşğuldurlar. Buna görə də əhalinin bütün seqmentləri arasında media və informasiya savadlılığını artırmaqda fayda var".
Fatimə Mustafayeva
