Şəxsiyyət vəsiqəsində ana adının qeyd olunması mümkündürmü?
Azərbaycanda şəxsiyyət vəsiqəsində şəxsin adı, soyadı və ata adı qeyd olunur. Lakin bir sıra Qərb ölkələrində, o cümlədən ABŞ və Avropanın bəzi ölkələrində sənədlərdə ananın adı da müxtəlif formalarda göstərilə bilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Ramil Süleymanlı bildirib ki, ümumiyyətlə, bu məsələ dövlətlərin daxili qanunvericiliyi ilə tənzimlənir:
"Faktiki olaraq, bir sıra dövlətlərdə şəxsin şəxsiyyət vəsiqəsi və ya pasport məlumatlarında ana adının qeyd olunması zamanla yaranmış bir təcrübədir. Burada əsas məsələlərdən biri cins ayrı-seçkiliyinin qarşısının alınması və gender bərabərliyinin təmin edilməsidir. İndiki halda Azərbaycan qanunvericiliyində bununla bağlı hər hansı bir göstəriş və ya müddəa nəzərdə tutulmayıb. Amma gələcəkdə dövlət bunu dəyişdirməyi məqsədəuyğun hesab edərsə, bununla bağlı heç bir problem yoxdur.
Hesab edirəm ki, bununla bağlı hər hansı qanunvericilik təşəbbüsü irəli sürülərsə, məsələ Milli Məclisdə müzakirə olunaraq müvafiq qanuna dəyişiklik edilməsi yolu ilə həyata keçirilə bilər".
Səadət Əlizadə