“Səyyar Gənclər Xidməti” Ağcabədidə: beş günlük proqram çərçivəsində müxtəlif tədbirlər keçirilib
Gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması və dövlət gənclər siyasətinin regionlarda daha geniş təşviqi istiqamətində layihələr davam etdirilir. Bu çərçivədə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dayanacağını Ağcabədidə edib. Beş gün davam edən proqram çərçivəsində rayon gəncləri üçün maarifləndirici sessiyalar, təlimlər, sərgilər və müxtəlif interaktiv fəaliyyətlər təşkil olunub.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan layihə “Gənclərlə, gənclər üçün” şüarı altında keçirilib.
Tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev layihənin əhəmiyyətindən danışıblar. Çıxışlarda təşəbbüsün gənclərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların sosial fəallığının, milli birlik və vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Layihə çərçivəsində Ağcabədi gəncləri üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirici və praktiki fəaliyyətlər təşkil olunub. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən maarifləndirici sessiyalar keçirilib. Ağcabədi Peşə Məktəbi isə tədbir iştirakçıları üçün sərgi təşkil edib.

Proqram çərçivəsində gənclərin yaradıcılıq və fərdi bacarıqlarının üzə çıxarılması məqsədilə vorkşoplar, ustad dərsləri, intellektual oyunlar və viktorinalar da təşkil edilib. Komanda əsaslı fəaliyyətlər iştirakçılar arasında ünsiyyətin və əməkdaşlığın inkişafına, yeni əlaqələrin qurulmasına, eləcə də asudə vaxtın səmərəli təşkilinə şərait yaradıb. Proqramın sonunda fəallığı ilə seçilən iştirakçılar mükafatlandırılıblar.

Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsinin əsas məqsədi dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakını artırmaq, onların yaradıcı potensialını üzə çıxarmaq və dövlət dəstəyi mexanizmlərini regionlarda yaşayan gənclər üçün daha əlçatan etməkdir. Layihə çərçivəsində cari il ərzində ölkənin 20 şəhər və rayonunun əhatə olunması nəzərdə tutulur.
Elmira Ağayeva