00:00:00
Yazar
Elmira Ağayeva
30.09.2026 23:33 20 2 dəq oxuma
Sosial

“Səyyar Gənclər Xidməti” Salyanda fəaliyyətə başlayıb

“Səyyar Gənclər Xidməti” Salyanda fəaliyyətə başlayıb

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dayanacağı olan Salyanda fəaliyyətini davam etdirir.

28 sentyabr–2 oktyabr tarixlərini əhatə edən layihə çərçivəsində rayon gənclərinə məşğulluq, innovasiya, rəqəmsallaşma, təhsil və şəxsi inkişaf istiqamətlərində müxtəlif xidmət və imkanlar təqdim olunur.

Salyanda keçirilən açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış ediblər. Çıxışlarda layihənin gənclərin şəxsi inkişafına, karyera planlamasına və ictimai fəallığının artırılmasına yaratdığı imkanlardan bəhs olunub.

Layihə çərçivəsində açıq havada “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonaları fəaliyyət göstərir. Gənclər burada vorkşop, ustad dərsləri, viktorina və intellektual yarışlarda iştirak edirlər.

Bununla yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici sessiyaların keçirilməsi, Salyan Peşə Liseyi tərəfindən isə sərginin təşkili nəzərdə tutulub.


 

Təlimlərdə ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularına toxunulacaq.

Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsinin noyabr ayınadək ümumilikdə ölkənin 20 şəhər və rayonunu əhatə etməsi planlaşdırılır. Layihə Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

#başlayıb #fəaliyyətə #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər