“Sabah” “Hapoel Beer-Şeva”ya məğlub olub
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” səfərdə “Hapoel Beer-Şeva” ilə qarşılaşıb. Buxarestdə keçirilən görüşdə Azərbaycan çempionu 1:2 hesabı ilə məğlub olub. “Sabah”ın yeganə qolunu 6-cı dəqiqədə Simiç, rəqibin qollarını isə İst və Zlatanoviç vurub. Cavab oyunu Bakıda keçiriləcək.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “Sabah” bu oyunda məğlubedilməz rəqiblə qarşılaşmırdı:
“Əslində “Sabah” oyuna çox yaxşı başlamışdı. İlk dəqiqələrdən hücuma atılır, qol axtarırdı və bunun da bəhrəsini 7-ci dəqiqədə gördü, erkən qolu tapdı. Komanda həmin mərhələdə istədiyini edirdi. Amma qolun ardınca nə baş verdi? “Sabah” tədricən oyunun nəzarətini əldən verdi, rəqibin təzyiqi artdı və nəticədə hesab bərabərləşdi. Bundan sonra isə əsas məsələ Dambrauskasın ikinci hissədə verdiyi qərarlar idi. 70-ci dəqiqədə hesab 1:1 ikən üç hücumçuya keçmək, cinahı gücləndirmək əvəzinə riskləri artırmaq məncə düzgün seçim deyildi. Qarşıda hələ kifayət qədər vaxt, üstəlik cavab oyunu, əlavə vaxt və penaltilər ehtimalı var idi. “Sabah” bu oyunda məğlubedilməz rəqiblə qarşılaşmırdı. “Hapoel” bu komanda ilə başabaş oynayan tərəfdir. Ona görə də Bakıda hər şey mümkündür. İndi əsas məsələ Bakıda bu oyunu çevirmək lazımdır. Əgər “Sabah” turu keçə bilməsə, bu nəticədə Dambrauskasın verdiyi qərarların da ciddi payı olacaq”.
Samirə Allahverdizadə