“Sabah” - “Hapoel”: Nəticə necə olacaq?
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Hapoel”i qəbul edəcək. İlk görüşdə İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. “Hapoel”in baş məşqçisi Ran Kojux “Sabah”ın heyətində texniki və sürətli futbolçuların olduğunu bildirərək, komandasının ev sahibi və azarkeş amilinə qarşı hazırlaşdığını qeyd edib.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki bizim gücümüz bu komandaya qalib gəlməyə kifayət edir:
“Maraqlı, ağır qarşılaşma olacaq. Komandaların gücləri təxminən bərabərdir. İlk qarşılaşmada İsrail təmsilçisi özünü yaxşı tərəfdən göstərdi. İntizamlı oynadılar və taktikaya riayət etdilər. Lazım gələndə müdafiə olundular, məqamı çatanda isə pressinq etdilər, əllərinə düşən imkanlardan maksimum yararlandılar. Oyunun startı bizim üstünlüyümüzlə başlasa da, növbəti dəqiqələrdə matçın böyük hissəsində rəqib üstünlüyü ələ aldı. Bizə qarşı ağır oyun nümayiş etdirdilər, komandamızı yordular və futbolçularımızın fərdi keyfiyyətlərini göstərməsinə imkan vermədilər. Nəticədə də layiq olduqları qələbəni qazandılar".
Bu gün bir qədər fərqli qarşılaşma olacaq:
"Doğma azarkeşlərimiz qarşısında oynayırıq. Komandamız azarkeşlərlə dolu Tofiq Bəhrəmov adına Respublika Stadionunda öz gücünə güc qatacaq. Motivasiyamız da yüksəkdir, çünki bu, klubun tarixində bir ilk olacaq. 9 yaşı olan bir komanda Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazana bilər. Bu, böyük motivasiyadır. Həmçinin düşünürəm ki, ilk matçda buraxdığımız səhvlərdən nəticə çıxaracağıq. Baş məşqçimiz təcrübəli və çevik mütəxəssisdir, səhvlərini görən və onları düzəltməyi bacaran məşqçidir. Ona görə də, daha istəkli və mübariz olsaq, meydanın her qarışı üçün mübarizə aparsaq, qalib gələ bilərik”.
Samirə Allahverdizadə