"Sabah"ın Çempionlar Liqasında potensial rəqibləri bəlli olub
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib və "Sabah"ın potensial rəqibi müəyyənləşib. Bakı təmsilçisi III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, İsrailin "Hapoel" (Beer-Şeva) və Serbiyanın "Srvena Zvezda" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq. Pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, komandamız bu turu keçməyə iddialıdır:
" 'Sabah'ın üçüncü təsnifat mərhələsində "Orhus"la oyunlarda şansı heç də az deyil. Bəli, rəqib Danimarka çempionudur və yeterincə yaxşı komandadır. Polşanın güclü çempionunu (Lex) mübarizədən əminliklə kənarlaşdırıblar. Yaxşı komanda ruhu var, ağıllı və kollektiv futbol oynayırlar. Lakin "Sabah"ın da öz üstün cəhətləri var. Rəqib Danimarka çempionudursa, "Sabah" da Azərbaycan çempionudur. Ötən mövsüm Çempionlar Liqasının liqa mərhələsində hər iki ölkənin çempionları, yəni "Qarabağ"la "Kopenhagen" qarşılaşmışdı və "Qarabağ" 2:0 hesabı ilə qalib gəlmişdi. Hazırkı "Orhus" və "Sabah" da müvafiq olaraq "Kopenhagen" və "Qarabağ"a ölkə çempionatında qalib gəlmiş komandalardır. Prinsip etibarilə şanslar bərabərdir. Düşünürəm ki, səfərdə işimiz çətin olsa da, tur baxımından şansları 50/50-yə qiymətləndirmək olar. Biz geridə qalmırıq, komandamız bu turu keçməyə iddialıdır. Pley-off mərhələsinə gəlincə, orada "Hapoel Beer-Şeva" və ya "Srvena Zvezda"nın rəqib olması böyük fərq etmir. Çünki İsrail təmsilçisi Serbiya klubunu keçəcəksə, deməli, ondan daha güclüdür və ondan ehtiyatlanmaq lazımdır. Əksinə, "Srvena Zvezda" mərhələ keçəcəksə, özü də köklü və böyük klubdur. Pley-offda iş daha da çətinləşəcək, orada artıq fərqli sürət və keyfiyyət tələb olunacaq.
Lakin buna hələ vaxt var, hələlik bu turu keçmək lazımdır. Düşünürəm ki, "Sabah" hələ ki "Orhus"la matçlara köklənməli və bu mərhələni keçməyə çalışmalıdır. Gedişata isə yalnız bundan sonra qiymət vermək olar".
Samirə Allahverdizadə