"Sabah"ın rəqibləri bəlli oldu: Gözləntilər nədir?
FIBA Çempionlar Liqasında mübarizə aparacaq "Sabah" basketbol klubunun əsas mərhələdəki rəqibləri müəyyənləşib. Azərbaycan çempionu A qrupunda Türkiyənin "Trabzonspor", Fransanın "Nanter 92" və Litvanın "Ritas" komandaları ilə qarşılaşacaq. Qrup mərhələsi komandanın beynəlxalq arenadakı iddiasını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, rəqiblər həddindən artıq güclüdür və komandamızın bu qrupdan növbəti mərhələyə yüksəlmək şansı çox aşağıdır:
" 'Sabah'ın Basketbol Çempionlar Liqasında mübarizə aparması müsbət bir haldır. Bu, komanda üçün yeni bir mərhələdir və daha güclü bir liqadır. Çempionlar Liqası bu idman növünün ən üst səviyyəli turniridir və burada hər zaman güclü komandalar iştirak edirlər. Yəni olduqca ciddi yanaşılmalı bir turnirdir. Təəssüf ki, "Sabah"ın rəqibləri çox çətin düşüb. Qrupdakı komandalardan "Rytas" bu turnirin son qalibidir. Fransanın "Nanter" komandası isə öz ölkə çempionatından gəlib. Fransa liqası Türkiyə və İspaniya çempionatlarından sonra Avropanın ən güclü liqalarından biri hesab olunur, ona görə də çox güclü rəqibdirlər. "Trabzonspor" da Türkiyə kimi güclü basketbol ölkəsinin liqasında yüksək yer tutaraq bura vəsiqə qazanıb. Onların ciddi maliyyə imkanları var və böyük bir layihəyə imza atmaq niyyətindədirlər. Bütün bunları nəzərə alaraq, "Sabah"ın "ölüm qrupuna" düşdüyünü demək olar. Rəqiblər həddindən artıq güclüdür və komandamızın bu qrupdan növbəti mərhələyə yüksəlmək şansı çox aşağıdır. "Sabah" da yaxşı komandadır, heyəti yaxşı qurulub və son illərin dəyişməz çempionudur. Ölkəmizi Avropada layiqincə təmsil edir, lakin bu dəfə rəqiblər baxımından bəxti gətirməyib. Hər bir halda, işimiz çətin olacaq. Digər tərəfdən isə belə güclü komandaların Bakıya gəlməsi çox maraqlıdır, çünki biz onları canlı izləmək imkanı əldə edəcəyik".
Samirə Allahverdizadə