00:00:00
Yazar
Admin User
15.11.2025 15:16 336 3 dəq oxuma
Sosial

Şagird sıxlığı və ağır dərsliklər təhsildə kefiyyəti aşağı salır

Şagird sıxlığı və ağır dərsliklər təhsildə kefiyyəti aşağı salır

"Azərbaycanda təhsillə bağlı problemlər gündəmdən düşmür. Ekspertlər həyəcan təbili çalır - siniflərdə 40-45 şagirdin olması, ağır və yaşa uyğun olmayan dərsliklər, az dərs saatı və müəllimlərin yeni modelə uyğunlaşa bilməməsi tədrisin keyfiyyətini aşağı salır".

 

Mövzu ilə bağlı "İnformator.az" xəbər saytı müəllim, şagird və adiyyəti şəxlərin məsələyə olan münasibətlərini öyrənib.

 

Narazı şəxslərdən də biri 245 nömrəli tam orta məktəbin tarix müəllimi Zövqiyyə Məmmədlidir:

 

"Bu gün müəllimə qarşı ədalətsiz yanaşma yaranıb. Problemlərin əsas səbəbi müəllim deyil, sistemdir. Siniflərdə şagird sayı 25-27-dən 40-49-a qədər artıb, belə şəraitdə 45 dəqiqədə bütün şagirdlərlə fərdi işləmək mümkün deyil. Dərsliklər isə tez-tez dəyişir, yaşa uyğun deyil və məktəbdə tədris olunan material DİM tələblərinə uyğun gəlmir, bu da şagirdi əlavə hazırlığa məcbur edir. Yeni təhsil modeli müəllimə real dəstək olmadan nəticə verməyəcək, onu bütün günü məktəbdə saxlamaq keyfiyyəti artırmır, əksinə iş yükünü ağırlaşdırır. Məktəblərin də bu qədər müəllimi günboyu yerləşdirmək üçün şəraiti yoxdur. Üstəlik, 700-1200 manatlıq maaşla ailəni dolandırmaq çətindir, xüsusilə müəllimlərin əksəriyyətinin qadın olduğunu nəzərə alsaq. Nəticədə, problemin həlli müəllimi günahlandırmaqla deyil, şəraiti yaxşılaşdırmaq və təhsili sistemli şəkildə islah etməkdədir.

 

245 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Ünzilə Salahova da təhsilin çətinliklərindən narazıdır:

 

"Sinifdə 40–45 şagirdin olması tədrisi xeyli çətinləşdirir. Müəllim hər kəsə fərdi yanaşa bilmir, qavrayışı zəif olanlar diqqətdən kənarda qalır. Səs-küy çox olduğuna görə dərsi anlamaq çətinləşir, sual-cavab üçün vaxt çatmır və nəticədə keyfiyyət aşağı düşür. Dərsliklərin bir hissəsi şagirdlərin yaşına uyğun deyil, mövzular çox sıx verilib. Amma problem təkcə dərsliklərdə deyil. Şagird sıxlığı, mövzuların sürətlə keçilməsi və bəzi müəllimlərin dərsə yetərincə fokuslanmaması da mənimsəməni çətinləşdirir.

 

Təhsil gələcəyimizin əsasını qoyur. Məktəb yalnız dərs öyrətməməli, savadlı və düşünən vətəndaş yetişdirməlidir. Müəllimlər öz işinə məsuliyyətlə yanaşmasa, cəmiyyətdə savadsız bir nəsil formalaşa bilər",-deyə o, fikirlərini bölüşüb.

 

Həmin məktəbin 6-cı sinif şagirdi Nəriman Xeyrxəbərli də məktəb yoldaşı ilə həmfikirdir:

 

"Düşünürəm ki, sinifdə şagirdlərin çox olması müəllimlərin işini xeyli çətinləşdirir. Çünki, 45 dəqiqə ərzində 35–40 şagirdə bir mövzunu izah etmək mümkün olmur. Öz sinfimizdə 36 nəfərik və xüsusilə Riyaziyyat və Azərbaycan dili dərslərində müəllimlərin bütün şagirdlərlə effektiv işləməsi çətinlik yaradır.

Dərsliklərlə bağlı da problemlər var. Bəzən qaydalar kitabda düzgün və aydın göstərilmir, müəllimin izahı ilə dərslikdə yazılanlar üst-üstə düşmür. Bu isə mövzunu mənimsəməni daha da çətinləşdirir. Məncə, həm siniflərdə şagird sayı azaldılmalı, həm də dərsliklərin keyfiyyəti artırılmalıdır ki, şagirdlər mövzuları daha rahat başa düşə bilsinlər",-deyə o vurğulayıb.

 

Mövzu ilə əlaqədar təhsil eksperti Ruslan Bayramov əsas məsələnin vaxtın düzgün qurulmamasında, müəllim peşəkarlığında görür:

 

"Siniflərdə şagird sayının çoxluğu əsas problem deyil. Əsas məsələ müəllimin peşəkarlığı, dərsin idarə edilməsi və 45 dəqiqənin düzgün qurulmasıdır. Bir çox ölkələrdə böyük siniflər olsa da, təhsildə yüksək nəticələr əldə olunur. Problemə yalnız “neçə nəfər ali məktəbə qəbul oldu” prizmasından baxmaq yanlışdır. Məktəbin əsas məqsədi faydalı və sağlam şəxsiyyət yetişdirməkdir.

 

Keyfiyyətli tədris üçün müəllim daim inkişaf etməli, öz üzərində işləməli, həm bilik, həm idarəetmə, həm də pedaqoji bacarıqlarını birləşdirməlidir. Belə müəllim şagirdə yalnız məlumat vermir, öyrənməyi və maraqlanmağı öyrədir.

 

Dərsliklərin yenilənməsi də vacibdir, çünki 10-11 il əvvəlki 6 yaşlı uşaqla indiki eyni deyil. Müasir uşaqlar daha çox informasiya axınına məruz qaldığından, dərsliklər və tədris metodları da buna uyğun olmalıdır",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər