Sağlamlıq imkanları məhdud tələbələrin təhsili üçün hansı addımlar atılmalıdır?
Ölkəmizdə sağlamlıq imkanları məhdud tələbələr var ki, onlar üçün xüsusi ali məktəblər, kolleclər və ya təhsil müəssisələrində əlverişli şərait yoxdur. Bu isə onların təhsilində problemlər yaradır. Bəs, bu məsələ necə həll oluna bilər? Həmin tələbələrin normal şəraitdə təhsil alması necə təmin oluna bilər.
Təhsil eksperti Adil Vəliyev informator.az-a açıqlamasında məsələ ilə əlaqədar, suallarımızı cavablandırıb.
Ekspert düşünür ki, sağlamlıq imkanları məhdud şagirdlər, tələbələr üçün ayrıca məktəb, ali məktəb,kollec açmaq əvəzinə, şərait daha da yaxşılaşdırılsa, daha məqsədəuyğun olar.
“Çünki diqqət etsək, görərik ki, bu qədər təhsil müəssisələrinin arasında sadəcə ADA Universitetində sağlamlıq imkanları məhdud tələbələr üçün müəyyən şərait yaradılıb. Digər universitetlərdə isə belə imkanlar o qədər də ürəkaçan deyil".
Ekspert qeyd edir ki, sağlamlıq imkanları məhdud şəxslər üçün ayrıca universitetlər, kolleclər inşa etməyə ehtiyac yoxdur.
“Çünki onların hamısı eyni ərazidə yaşamır. Azərbaycanın fərqli bölgələrində də yaşayanlar var. Ona görə də əlimizdə olan müəssisələri daha da inkişaf etdirmək, imkanları daha da əlverişli hala gətirmək lazımdır ki, onların təhsil almasında heç bir problem olmasın".
Nəzrin Mirzəyeva
