Sahib çıxa bilmədiyimiz sərvət - SAĞLAMLIQ
Sağlamlıq insan həyatı üçün ən böyük sərvət hesab olunur. Əksəriyyətimiz isə bu sərvətə sahib çıxa bilmirik.
Hər kəsin sağlamlığı öz əlindədir. Hər birimiz sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməliyik. Sağlam yaşamağın açarı insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir.
Mövzu barədə terapevt Vəfa Abdullayeva öz fikirlərini İnformator.az-la bölüşüb:
Sağlamlığımıza təsir edən başlıca amillərdən biri infeksiyalardır. İnfeksiyalar gigiyena qaydalarına riayət etmədikdə, məsələn, küçədə xəstə heyvanlara toxunduqda insan orqanizminə daxil olur. Nəticədə orqanizm xəstəliklərə yoluxur. Eyni zamanda qapalı məkanın havasını tez-tez dəyişmək lazımdır. Əks halda orqanizm həddindən artıq isinə, yaxud soyuya bilər. Passiv həyat tərzini aktiv həyat tərzi ilə əvəz etmək lazımdır.
Asudə vaxtlarda velosiped sürmək, havada gəzmək faydalıdır. Zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Onlar həm ömrümüzü qısaldır, həm də bizə maddi ziyan vurur. Həddindən artıq zehni və fiziki əməklə məşğul olmaq, istehsalat və məişət yükü, doyunca yatmamaq, stress kimi amillər də sağlamlığın pozulmasına gətirib çıxardır.
Yay fəslində daha çox tərləmə halları olduğu üçün suyun miqdarına da fikir vermək lazımdır. Orqanizmdə gedən reaksiyalarda su əsas rol oynayır. Su bədən temperaturunu tənzimləyir, həzmə yaxşı təsir edir, zərərli maddələrin orqanizmdən xaric olunmasına köməklik göstərir.
Fiziki sağlamlığımız psixoloji vəziyyətimizdən də asılıdır. Əbəs yerə deyilməyib ki, sağlam bədəndə sağlam ruh olar.
Hüseyn Eyvazlı
