Sahibkarların “Muğan Bank”dakı pullarının taleyi necə olacaq?
“Azərbaycanda əmanətlərin sığortalanması və banklar haqqında müəyyən qanunlar fəaliyyətdədir. Muğan bank 24 oktyabr tarixindən etibarən, müflis elan edildi. Müflis elan edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu ora ləğvedici təyin olundu”.
Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli söyləyib. Ekspert deyir ki, Muğan bankın borclu olduğu şəxslərin başında əmanətçilər, əmanətçilərin də hüquqlarını Əmanətlərin Sığortalanması Fondu qoruyur.
“Qanun deyir ki, hadisə baş verdikdən sonra, ən gec 3 ayda, Əmanətlərin Sığortalanması Fondunda sığortalanan məbləğlər geri qaytarılacaq. 12% manat əmanəti, 2,5% dollar əmanəti. Ümumi sığorta məbləği isə 100.000 manatı keçməməlidir. Bir vətəndaş üçün bir bank üzrə məbləğ 100.000 manatdır”.
Eyni zamanda, ekspert fiziki şəxslərin VÖEN hesabına bağlı 20.000 manata qədər məbləğlə bağlı da bir sıra qaydaların mövcudluğundan söz açıb.
“Belə ki, fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, VÖEN-ə bağlı hesabındakı 20.000 manat Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq. Eyni zamanda, notariusların pulunu da Əmanətlərin Sığortalanması Fondu geri qaytaracaq. Əmanətlərin Sığortalanması Fondunda vətəndaşların əmək haqqı hesabının qalıqları, cari hesabdakı vəsaitləri ilə bağlı qanunla müəyyənləşən qaydalar barədə məlumat verilməyib”.
Xalid Kərimlinin sözlərinə görə, inzibatçının qərarı ilə cari hesabdakı vəsaitlər, debet kartının qalıqları da əmanət kimi nəzərdən keçirilərək geri qaytarıla bilər.
“Amma şəxsin ümumi məbləği 100.000 və artıq miqdarda olmamalıdır. Əmanətlərin Sığortalanması Fondunun şəxslərin cari hesabdakı vəsaitlərini geri ödəməsi qanunda yoxdur. Fond məbləği ödəyə də bilər, ödəməyə də. Hüquqi şəxslərin isə cari hesabında vəsaiti qala bilər”.
İqtisadçı əlavə edir ki, banklar haqqında qanunun 82-ci maddəsində qeyd olunur ki, bank ləğv edilən zaman, Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ ilə bankın vəsaitləri üzərində üstünlüyü olur.
“Bankın pulları içərisindən ləğvedicinin də pulları götürülür. Bankın iş prosesində ölən, xəsarət alan işçilərin əmək haqqı borcları ödənilir. Ləğv olunan bankın əmək işçilərinin 6 aylıq borcları da pul qalarsa, ödənilir. Əvvəlki mərhələnin borcu qaytarılmasa, növbəti mərhələyə keçid edilə bilməz. Sonra isə müflisləşmə tarixindən, bir il ərzində bankın dövlət büdcəsinə, vergilərə olan borcu gəlir. Bu da ödəniləndən sonra, Əmanətlərin Sığortalanması Fondu bankın öhdəliklərinin sağlamlaşdırılması ilə əlaqədar planında xərclər varsa, onların maliyyələşdirilməsini həyata keçirir”.
Müsahib deyir ki, sonuncu mərhələ təminatsız kreditorlara verilən vəsaitlərdir.
“Fiziki şəxslərin hesablarında olan 20.000 manatdan yuxarı məbləği, hüquqi şəxslərin cari hesabında olan məbləğ, bunların hər biri kreditorlar hissəsinə düşür. Pul olduqda məbləğlər geri qaytarılır. Sığortalanmayan hesab qalıqları təminatsız kreditorların öhdəliyinə düşəcək. Sığortalanmayan hesab qalıqları ya uzun illərdən sonra qaytarılacaq, ya da batıb gedəcək”.
Həcər Əmiraslanlı
