Şahzadəyə aid dəfn tapıntısı arxeoloqları heyrətləndirib
Suffolk qraflığındakı Leiston yaxınlığında, Sizewell C atom elektrik stansiyasının tikintisi ərəfəsində aparılan qazıntılar zamanı iki insanla birlikdə dəfn edilmiş atın olduğu “şahzadə tipli” qəbir aşkar edilib. Oxford Cotswold Archaeology tərəfindən tapılan bu dəfn 6–7-ci əsrlərə aiddir və Sutton Hoo kimi məşhur Anglo-Sakson dəfnləri ilə eyni ənənəyə bağlıdır.
Torpağın turşuluğu səbəbindən sümüklər qorunmayıb, yalnız qumda insan və at fiqurlarının siluetləri qalıb. Qəbirdə silahlar və şəxsi əşyalar da tapılıb. Arxeoloqlar bu tapıntını milli əhəmiyyətli hesab edirlər.
Ümumilikdə ərazidə 11 Anglo-Sakson kurqanı müəyyən edilib. Qazıntılar zamanı həmçinin Neolit dövrünə aid tikili izləri, Tunc dövrü kremasiya urnası, nadir Dəmir dövrü palıd pilləkəni və 40 min illik neandertal əl baltası da aşkar olunub. Bu tapıntıların bir hissəsi BBC Two kanalında yayımlanan Digging for Britain proqramında təqdim olunacaq.
Tapıntıların bəziləri fevralın 21–22-də Yoxford kənd zalında keçiriləcək açıq sərgidə nümayiş etdiriləcək.
BBC
Reyhan Quliyeva
