Sanksiyalar və dron hücumları Rusiyanın neft hasilatını kəskin azaldıb
2025-ci ilin dekabrında Rusiyada xam neft hasilatı son 18 ayın ən ciddi azalmasını qeydə alıb. Buna Qərb sanksiyaları və Ukraynanın Rusiyanın enerji infrastrukturuna qarşı intensivləşən dron hücumları səbəb olub.
Mənbələrin bildirdiyinə görə, dekabrda Rusiya gündə orta hesabla 9,326 milyon barel neft hasil edib ki, bu da noyabr ayı ilə müqayisədə 100 min bareldən çox azalma deməkdir. Göstərici eyni zamanda OPEC+ sazişi çərçivəsində Rusiyaya icazə verilən həcmdən təxminən 250 min barel azdır.
Azalma Ukraynanın neft obyektlərinə hücumlarının artdığı bir dövrə təsadüf edir. Hücumlar hasilata birbaşa təsir göstərir, emal zavodlarının fəaliyyətini məhdudlaşdırır. Paralel olaraq, ABŞ-nin “Rosneft” və “Lukoil”ə qarşı sanksiyalarından sonra Rusiya neftinin bir hissəsi alıcı tapmadığı üçün dənizdə tankerlerde yığılıb. Xüsusilə Hindistandakı bəzi alıcılar sanksiyalı neftdən çəkinir.
Dekabr ayındakı geriləmə 2024-cü ilin iyunundan bəri ən kəskin azalma olub. Rusiyanın həm ixrac, həm də daxili emal imkanlarının zəifləməsi fonunda hasilatın yaxın dövrdə də təzyiq altında qalacağı bildirilir.
Ekspertlər bu vəziyyətin Rusiyanın enerji sektorunda ciddi çətinliklər yaratdığını və qlobal neft bazarında əlavə qeyri-müəyyənliklərə səbəb ola biləcəyini vurğulayırlar.
ANEWZ
Güllər Gülhüseynova
