00:00:00
Yazar
Admin User
14.11.2025 17:57 173 3 dəq oxuma
Sosial

Saxta gülüşün arxasındakılar

Saxta gülüşün arxasındakılar

İnsanlar deyib-gülür, ətrafa pozitivlik saçırlar, amma bəzən bu gülüşlər sadəcə maskadır. Mənəvi, psixoloji yorğunluğu gizlədən maska. Bu, depressiyadır. Bəs biz depressiyada olduğumuzu necə anlaya bilərik? Ətrafdakıların davranışı depressiyanın gedişinə necə təsir edir?

 

Mövzu ilə bağlı psixoloq Aida Səlimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu vəziyyət bizim həm düşüncələrimizi, həm də davranışlarımızı dəyişdirərək, həyat keyfiyyətimizi azalda bilər:

 

“Depressiya, insanın uzun müddət davam edən kədər, ümidsizlik və motivasiya itkisi yaşadığı, gündəlik fəaliyyətlərinə və emosional stabilliyinə təsir edən psixoloji vəziyyətdir. Bu vəziyyət bizim həm düşüncələrimizi, həm də davranışlarımızı dəyişdirərək, həyat keyfiyyətimizi azalda bilər. Depressiyanı müəyyən etmək mümkündür, amma əsas diqqəti simptomların davamlılığına yönəltmək lazımdır. Əgər son iki həftə ərzində bu əlamətlərdən hər hansı biri müşahidə olunursa, depressiya riski arta bilər. İnsanın davamlı kədərli, ümidsiz hiss etməsi, həyatdan əvvəlki kimi zövq ala bilməmək, motivasiyanın azalması, yuxu problemləri (həddindən artıq yatmaq və ya yuxusuzluq), iştah dəyişiklikləri (çox yemək və ya iştahsızlıq), özünütənqid və günahkarlıq hissi, fiziki və zehni fəaliyyətlərdə ləngimələrin olması, diqqət və konsentrasiyanın azalması. Bildiyimiz kimi, uşaqlıq dövrü insanın emosional təməlinin formalaşdığı bir mərhələdir. Uşaqlıqda yaşadığımız sevgi çatışmazlığı, qarşılaşdığımız psixoloji və ya fiziki şiddət, özünəinamın azalmasına və s. səbəb ola bilər. Eyni zamanda insanda stressə qarşı həssaslıq və depressiv əhval da yarada bilər”.

 

Müsahib eyni zamanda açıqlamasında bildirib ki, ətrafdakıların depressiyadakı şəxslə olan davranışları mühüm rol oynayır:

 

“Adətən, insan depressiya zamanı özünü tək və çarəsiz hiss edə bilər. Ancaq həmin insanı diqqətlə dinləmək, onun hisslərini tanımaq və “səni başa düşürəm” mesajını ona ötürmək, bir növ, insanın emosional yükünü azaldır. Bu isə çox vaxt böyük sözlərdən yox, sadəcə insanın yanında olmaqdan başlayır. Bəzi ağır hallarda, məsələn, intihar düşüncələri və ya həyatla bağlı ümidsizlik varsa, bu zaman həmin insanın olduğu mühiti təhlükəsiz hala gətirməli və peşəkar dəstəyinə müraciət olunmalıdır. Müsbət yöndə edilən dəstəkləyici söhbətlər çoxaldılmalı, stressi artıran müzakirələrdən isə çəkinmək lazımdır. Bir insanı hisslərini qiymətləndirmədən, mühakimə etmədən dinləmək, ona tək olmadığını göstərmək və lazım olduqda peşəkar yardım axtarmaq depressiyanın gedişini yüngülləşdirə bilər”.

 

Psixoloq depressiyanın qarşısını almağın mümkün yollarını da qeyd edib:

 

“Depressiyanın qarşısını almaq üçün böyük addımların əksinə, kiçik gündəlik vərdişlər uzun müddət effekt verir. Bu vərdişlərə nümunə olaraq ilk fiziki aktivlikdən bəhs etmək olar. Belə ki, açıq havada 20–30 dəqiqəlik gündəlik yürüyüş əhvalımızı yaxşılaşdırır və stress hormonlarımızı azaldır. Digər əsas və ən vacib vərdiş isə yuxu rejiminin nizamlı olmasıdır. Depressiyada olub-olmamağımızdan asılı olmayaraq, hər gün eyni saatda yatmaq və oyanmağı vərdiş halına gətirmək lazımdır. Çünki yuxu rejimi psixoloji balans üçün ən vacib faktorlardandır. Tövsiyə edə biləcəyim digər gündəlik vərdişlərdən biri də nəfəs məşqlərinin edilməsidir. Misal olaraq, çox geniş yayılmış “4-6 nəfəs məşqi” çox sadə və effektlidir. Bu zaman burundan 4 saniyə nəfəs alıb, 6 saniyə ərzində isə nəfəsi ağızdan buraxmaq lazımdır. Qeyd etdiyim bu nəfəs məşqini 10 dəfə təkrarlamaq sinir sistemini sakinləşdirir və emosional stabilliyi artırır. Digər effektiv praktikalardan biri isə yazı praktikasıdır. “Free writing” olaraq bilinən, “sərbəst yazı” dediyimiz bu metod depressiya, stress və emosional gərginliklərlə işləmək üçün çox faydalı bir psixoloji texnikadır. Bu, düşüncələrimizi, hisslərimizi heç bir qaydaya riayət etmədən və redaktə etmədən yazıya köçürmək üsuludur. Texnikanın əsas məqsədi zehni boşaltmaq və emosiyaları tanımaq, onları idarə etməkdir. Hər gün 3 səhifəlik yazı yazmaq kifayət edir. Çünki yazı prosesi də beyin fəaliyyətini sakitləşdirir və emosional stabilliyi artırır”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər