Saxta kirayə elanları – dələduzluqdan necə qorunaq?
Əmlak platformalarında yayılan saxta kirayə elanları və bazar qiymətlərindən kəskin aşağı təqdim olunan mənzillərlə bağlı dələduzluq halları vətəndaşlar üçün ciddi risklər yaradır. Mütəxəssislər bildirirlər ki, bu cür elanlar yalnız vətəndaşların maddi zərər görməsinə deyil, eyni zamanda əmlak bazarının real vəziyyəti ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına da səbəb olur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında əmlak eksperti Vüqar Oruc bildirir ki, bir sıra hallarda bazarın təhlili əmlak saytlarında yerləşdirilən elanlar əsasında aparılır. Lakin onun sözlərinə görə, bazarın real vəziyyəti yalnız elanlara əsaslanaraq müəyyənləşdirilməməli, faktiki alqı-satqı və kirayə əməliyyatları, eləcə də real bazar məlumatları nəzərə alınmalıdır.
“Əslində bazarın təhlili əmlak saytlarında verilmiş məlumatlar əsasında deyil, real alqı-satqı faktları və real məlumatlar əsasında aparılmalıdır. Təəssüf ki, hazırda bir sıra saxta məlumatlar var. Bunlar daha çox elektron dələduzluq məqsədilə atılmış addımlardır. Məhz həmin elanlardan sonra orada özlərini makler adlandıran şəxslərə zənglər olur. Onlar ilkin mərhələdə kart hesabına ödəniş tələb edirlər və nəticədə vətəndaşlar ciddi problemlərlə üzləşirlər”.
Əmlak eksperti qeyd edir ki, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına kifayət qədər müraciətlər edilir. Onun fikrincə, vətəndaşlar mənzil kirayələyərkən yalnız elan məlumatlarına güvənməməli, əvvəlcə mənzilə baxış keçirməli və onun həqiqi mülkiyyətçisini müəyyənləşdirməlidirlər.
“Düşünürəm ki, konkret elanla bağlı birbaşa canlı ünsiyyət yaradıldıqdan, mənzilə baxış keçirildikdən və mənzilin doğrudan da mülkiyyətçisi tərəfindən kirayə verildiyi dəqiqləşdirildikdən sonra addım atılmalıdır. Çünki bir çox hallarda hüquq-mühafizə orqanlarında belə faktlar mövcuddur ki, mənzili özü kirayə götürən şəxs sonradan həmin mənzili bir neçə nəfərə kirayə verir və nəticədə çox ciddi problemlər meydana çıxır”.
Vüqar Orucun sözlərinə görə, dələduzluq hallarının qarşısının alınması üçün əmlak elanlarının yerləşdirildiyi platformalarda məlumatların yoxlanılması və təsdiqlənmiş elan mexanizminin yaradılması vacibdir.
“Bu platformalarda, düşünürəm ki, təsdiqlənmiş elan mexanizmi yaradılmalıdır. Qardaş Türkiyə Respublikasında belə bir mexanizm var. Orada sosial şəbəkələrdə və ya hər hansı platformada mənzil və əmlak elanlarının birbaşa, nəzarətsiz şəkildə yayımlanması mümkün olmur. Bu elanlar yalnız təsdiqlənmiş formada və konkret müəyyən edilmiş yerlərdə yayımlana bilir”.
Ekspert hesab edir ki, elanı yerləşdirən şəxslə bağlı məlumatların da daha geniş şəkildə təqdim edilməsi təmin olunmalıdır.
“Yaxşı olardı ki, elanı verən şəxsin bütün məlumatları, təkcə telefon nömrəsi və adı yox, şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatlar, yaxud hər hansı bir şirkətdirsə, konkret şirkətin yerləşdiyi ünvan və rekvizitləri də əksini tapsın ki, informasiyanın həqiqiliyi yoxlanıla bilsin”.
Əmlak eksperti bildirir ki, bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı təqdim olunan kirayə təkliflərinə də xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, bəzi hallarda aşağı qiymət mənzilin daha tez satılması və ya kirayə verilməsi məqsədi daşısa da, bir sıra hallarda bu, dələduzluq sxeminin tərkib hissəsi ola bilər.
“Kirayəyə aşağı qiymət göstərilməsi, bayaq qeyd etdiyim kimi, risklidir. Bəzi hallarda aşağı qiymətlər ekspozisiya dövrünü tez bir zamanda arxada qoymaq, mənzilin daha tez satılması və ya kirayə verilməsi üçün nəzərdə tutula bilər. Amma bir çox hallarda burada dələduzluq baş verir”.
Vüqar Orucun fikrincə, xüsusilə Bakıdakı əmlak bazarının vəziyyətini kifayət qədər bilməyən region sakinləri, tələbələr və onların valideynləri belə elanların yaratdığı risklərlə daha çox üzləşə bilərlər.
“Regiondan gələn, eləcə də Bakıda, saytlarda olan vəziyyəti bilməyən tələbələr və ya onların valideynləri dələduzluq tələsinə düşərək ilkin ödənişlər edirlər. Sonradan həmin şəxslər ya telefon zənglərinə cavab vermir, ya da ümumiyyətlə əlaqəni kəsirlər, elan silinir”.
Ekspert hesab edir ki, problemin həlli yalnız vətəndaşların diqqətli olması ilə məhdudlaşmamalıdır. Onun fikrincə, bu istiqamətdə həm maarifləndirmə, həm də preventiv tədbirlər gücləndirilməlidir.
“Bu istiqamətdə ciddi araşdırmalara çox ehtiyac var. Çünki burada maarifləndirməyə də böyük ehtiyac duyulur və təkcə vətəndaşın diqqətli olması kifayət etmir. Daxili işlər orqanlarının da bu istiqamətdə müəyyən qabaqlayıcı tədbirlər görməsinə ehtiyac var. Eyni zamanda əmlak saytları da bu məsələyə ciddi yanaşmalıdır”.
Vüqar Oruc əmlak platformalarında riskli elanların xüsusi işarələnməsini də təklif edir.
“Ucuz verilən elanlar riskli elanlar kimi qeyd olunmalıdır. Eyni zamanda elanın sonunda vətəndaşlara bu cür təkliflərə diqqətli yanaşmaları, məlumatları yoxlamaları və əvvəlcədən ödəniş etməmələri barədə xəbərdarlıq yerləşdirilə bilər”.
Əmlak eksperti hesab edir ki, monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də Daxili İşlər Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, saxta kirayə elanları ilə bağlı risklərin azaldılmasına kömək edə bilər.
Süsən Mərdalıqızı