00:00:00
Yazar
Lalə Qafarova
14.02.2026 19:54 147 3 dəq oxuma
Media-Yubiley Özəl

"Seçilsən, Geriyə Dönüş Yoxdur” - Bəhruz Niftəliyevin efir izləri

"Seçilsən, Geriyə Dönüş Yoxdur” - Bəhruz Niftəliyevin efir izləri

Televiziya - zamanın nəbzini barmaqlarının ucunda saxlayan sənətdir. Burada işıq sadəcə yanmır, danışır; söz sadəcə səslənmir, məsuliyyət daşıyır. Ekranın o üzündə görünən sakitlik, əslində, daxildə baş verən böyük intizamın, görünməyən zəhmətin nəticəsidir.

Bu işığın içində formalaşan, efirlə böyüyən simalardan biri də  Mədəniyyət Televiziyasının direktor müavini və teleaparıcı Bəhruz Niftəliyevdir. Onunla söhbət isə sual-cavabdan daha çox, efirlə ömür arasında qurulan poetik bir körpü oldu.

 

— Azərbaycan Televiziyası sizin həyatınızda hansı yeri tutur? 

 

— Televiziya mənim üçün zamana yazılan imzadır. Burada saniyələr qərar verir, dəqiqələr hökm oxuyur. Efir gözləmir. Sən hazır deyilsənsə, o səni geridə qoyur.

14 fevral - Mədəniyyət TV-nin 15 illiyi - mənim üçün sadəcə yubiley deyil. Bu tarix bir ömrün ritmidir. Çünki televiziya bir müddətdən sonra iş olmaqdan çıxır, həyatın özünə çevrilir.

Sən efirə çıxırsan, amma əslində efir sənin daxilinə varır. Ritmini dəyişir, baxışını dəyişir, səni dəyişir.

 

— O ritm ilk dəfə nə vaxt başladı? Kamera ilə ilk qarşılaşma necə idi?

 

— Uşaqlıqda. 11–12 yaşım vardı. “Pəncərə” verilişində ilk dəfə aparıcı kimi kamera qarşısına keçdim. İşıqlar yananda içimdə başqa bir aləm oyandı.

Kamera səni qorxutmur - səni həqiqətə çağırır. O səni ya qəbul edir, ya da susdurur.

Sonra yolum Azərbaycan Televiziyası ilə kəsişdi. Daha sonra isə Mədəniyyət TV-nin yaranma prosesindən bu gününə qədər bütün mərhələlərin içində oldum. Bir kanalın ideyadan efirə qədər keçdiyi yolu görmək, onunla birlikdə böyümək - bu, təkcə təcrübə deyil, taledir.

 

Televiziya səni seçirsə, artıq geriyə dönüş olmur.

 

— Tamaşaçı ilə münasibətiniz necədir? Ekranın o biri tərəfini hiss edirsinizmi?

 

— Televiziya monoloq deyil, dialoqdur. Sadəcə biz danışırıq, onlar susur. Amma o sükutun içində böyük bir baxış var.

Mədəniyyət kanalının tamaşaçısı çox həssasdır. Onlar sözün çəkisini, pauzanın mənasını anlayırlar.

Tamaşaçı sevgisi alqış kimi səslənmir, amma ürəyinə çatır. O səni məsuliyyətli edir. Hər dəfə efirə çıxanda düşünürsən: bu söz yerinə düşəcəkmi? Bu fikir dəyər qatacaqmı?

 

O sevgi səni daim ayıq saxlayır.

 

— Efir sizi hansı anlarda sınağa çəkib?

 

— Televiziya parlaq işıqların arxasında böyük səssizlik tələb edir.

Nənəmi itirmişdim. Üç gün sonra canlı yayımda 20 Yanvar faciəsi ilə bağlı tok-şou aparırdım. Şəxsi kədərimlə milli hüzn eyni məkanda idi.

O gün anladım ki, efir insanı olmaq daxildəki fırtınanı sakit saxlamaq deməkdir. 20 Yanvar həm ağrı, həm qürurdur. O qüruru və o ağrını tamaşaçıya ötürmək üçün öz kədərini susdurmalısan.

 

Peşəkarlıq bəzən danışmaq deyil - susaraq da möhkəm qalmaqdır.

 

— Bugünkü gənclər efirə can atırlar. Onlara nə demək istərdiniz?

 

— Televiziya görünmək sənəti deyil, görünmədən məsuliyyət daşımaq sənətidir.

Əgər bu sahəyə gəlirsənsə, əvvəlcə sözə hörmət etməlisən. Sözün üzərində yarpaq kimi əsə bilməlisən. Çünki burada hər cümlə ya körpü qurur, ya da uçurum yaradır.

Oxumaq, öyrənmək, özünü yeniləmək - bunlar efirin səssiz qaydalarıdır.

 

Televiziya səni sevir, amma yalnız sən ona sadiq qalsan.

 

— Sonda bir az poetik sual: əgər Azərbaycan Televiziyası bir şeir olsaydı, ilk misrası necə səslənərdi?

 

Niftəliyev bir anlıq düşündü. Sanki efirdə pauza verir.

 

Sonra sakitcə dedi:

 

— “Şeir deyil, sehrdir o…”

 

Və bəlkə də, bu cavab televiziya haqqında deyilən ən doğru cümlə idi. 

Çünki televiziya həqiqətən sehrdir - işığın sehridir, sözün sehridir, insanın özünü aşma sehridir.

 

Və o şeir hər gün yazılır. 

 

Efir başlayanda… İşıqlar yananda… Söz səslənəndə…

 

Lalə Qafarova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər