Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq
2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, yeni tədris ilində IV siniflər üçün "Həyat bilgisi", VII siniflər üçün "Azərbaycan dili" ,"Riyaziyyat", "İngilis dili", "Azərbaycan tarixi", VIII siniflər üçün "Coğrafiya", IX siniflər üçün "Biologiya", "Fizika" və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.
Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında bildirib ki, dərsliklər monitorinqdən keçirilib, ətraflı və hərtərəfli müzakirə olunub, müəyyən nəticələr əldə edilib:
“Ümumiyyətlə, dövrdə baş verən dəyişikliklər daim dərsliklərə, müasir təhsilə təsir göstərməlidir. Tutaq ki, hər hansı bir əsər öz aktuallığını itirə bilər. Məsələn, 90-cı, 80-ci illərdə tədris olunan, deyək ki, müəyyən bir əsər bu gün üçün aktual olmaya bilər. Bu gün qadın azadlığı mövzusu aktualdır. Eyni zamanda, kənd təsərrüfatının kollektivləşdirilməsi kimi müəyyən tarixi proseslər də bu gün fərqli yanaşmalarla təqdim oluna bilər. Tarix fənnində daim yeniliklər olur, tarixi dövrlərlə bağlı yeni məlumatlar ortaya çıxır. Bütün bunlar öz əksini dərsliklərdə tapmalıdır. Və yaxud dilə yeni sözlər daxil olur, bəzi sözlər istifadədən çıxır, dil yenilənir. Bunu ictimai şərait zəruri edir və dərsliklər də bu zərurətə uyğunlaşdırılmalıdır. Ona görə də dərsliklər daim yenilənməlidir. Dərslik hazırda yalnız məlumat ötürən, bilik verən vasitə deyil. Bilirik ki, təhsil şəxsiyyətin formalaşmasına yönəlməlidir. Dərsliklər uşaqların gündən-günə daha çox düşünmə, tədqiqat aparma, araşdırma, tətbiq etmə və problem həll etmə bacarıqlarını yoxlamalı və təkmilləşdirməlidir”.
Təhsil eksperti həmçinin bunu da qeyd edib ki, bu baxımdan dövlətin təhsil siyasətində də tədqiqatçılığı, yaradıcılığı, məntiqi təfəkkürü inkişaf etdirən, bu bacarıqları ortaya çıxaran vəsaitlərə üstünlük verilir:
“Dərsliklərin hazırlanmasında daha çox məktəb müəllimlərinin, təbii ki, rəyləri nəzərə alınır. Eyni zamanda, DİM-in, növbəti imtahan mərkəzi əməkdaşlarının da rəyləri nəzərə alınır. Burada daha çox bacarıqların formalaşdırılmasına, bayaq dediyim kimi, tətbiq bacarıqlarının və təfəkkürün inkişaf etdirilməsinə diqqət yönəldilib. Bir də bəzi mövzular var ki, proqramdan çıxarılmışdı. Həmin mövzuların yenidən ümumi rəy əsasında proqrama daxil edilməsi məqsədəuyğun hesab edilib və onlar proqrama yenidən daxil edilib”.
Güllər Gülhüseynova