Separatçılardan növbəti təxribat anons
Separatçılar növbəti təxribatlara hazırlaşırlar. Budəfəki hədəf isə Qarabağda yaşayan ermənilərdir. Bu barədə sosial şəbəkələrdə anonslar edilir. Yayılan səs yazısında milliyətcə erməni olan Fransa vətəndaşı təxribatın mahiyyətini açıqlayır. Onun sözlərinə görə, dünyanın diqqətini Qarabağa yönəltmək üçün “qurbanlar” verilməlidir.
Açıq demək lazım gələrsə, dünyanın həqiqətən gözlərini açması üçün qurban verməlisən. Heç nə etmədən oturmaq və nəyisə danışaraq əldə etmək mümkün deyil. Bu, birmənalı olaraq belədir. Heç bir ölkə isə buna getməyəcək. Sadəcə olaraq dünyanın ayağa qalxması üçün provakasiya aparırlar.
Erməni Daşnak Partiyasının fəal üzvü Qarabağda yaşayan ermənilərin guya blokadada olmasına diqqəti yönəltmək məqsədilə mülki şəxslərin guya qətlə yetirilməsi yönündə təxribat hazırlanmasından xəbər verir. Yəni bir neçə separatçı erməni öldürülür və cinayəti Azərbaycan tərəfinin üzərinə atmaq üçün təbliğat maşını ənənəvi qaydada işə düşür.
Siyasi şərhçi Telman Nüsrətoğlunun fikrincə, qondarma rejim verilən tapşırıqların icrasına gedən yolda istənilən addımı atmağa hazırdır. Lakin bu cür hiyləgər addımlar Azərbaycan sərhədləri daxilində nəticə göstərməyəcək: “Düşünürəm ki, bu cür addımlar nə ermənistana başucalığı gətirəcək, nə də bölgəmizə sülhün gəlməsinə öz töhvəsini verəcək. Ona görə Ermənistan çalışmalıdır ki, bu cür cəhdlərdən çəkinsin".
Görünən odur ki, Qarabağda yaşayan ermənilər üçün daxildə vəziyyət getdikcə çətinləşir. Xarici təxribatlarla yanaşı, sipər hesab etdikləri qondarma rejim də erməniləri öz mənafeyinə qurban verməyə hazırdır. Belə ki, Ruben Vardanyan çarəsizliyini əks etdirən status paylaşıb. Buradan onun vəziyyəti qiymətləndirmək gücündə olmadığı nəticəsinə gəlmək olur. Milyonların həvəsinə Xankəndiyə gələn Vardanyan sərvətini itirməklə üz-üzədir.
Tamilla
