00:00:00
Yazar
Banuçiçək Məmmədova
15.06.2026 13:13 23 2 dəq oxuma
Siyasət

Serbiya Prezidentinin Gürcüstana ilk rəsmi səfəri: İkitərəfli münasibətlərdə yeni mərhələ

Serbiya Prezidentinin Gürcüstana ilk rəsmi səfəri: İkitərəfli münasibətlərdə yeni mərhələ

Serbiya Prezidenti Aleksandr Vuçiç iyunun 15-də ilk dəfə Gürcüstana rəsmi səfər edəcək. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə keçiriləcək görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Ekspertlər bu səfərin regional əlaqələr və tərəfdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayırlar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Vuçiçin Gürcüstana ilk rəsmi səfəri adi diplomatik hadisə deyil:

 

"Bu tip səfərlər adətən böyük güc mərkəzləri arasında balans axtaran ölkələrin öz diplomatik şəbəkəsini şaxələndirmə cəhdini əks etdirir. Serbiya və Gürcüstan coğrafi olaraq yaxın olmayan, lakin siyasi baxımdan müəyyən paralelliklərə malik dövlətlərdir. Hər iki ölkə bu və ya digər şəkildə Avropa inteqrasiyası kursunu davam etdirir, eyni zamanda müxtəlif regional təzyiqlər və həssaslıq nöqtələri ilə üz-üzədir. Məhz bu kontekst Vuçiçin səfərini sadəcə ikitərəfli münasibətlərin inkişafı deyil, daha geniş geosiyasi uyğunlaşma axtarışı kimi izah etməyə imkan verir. Bşaqa sözlə desək görüşdə əsas məqsəd mövcud beynəlxalq sistemdə mövqeləri gücləndirmək üçün diplomatik dəstək şəbəkəsi formalaşdırmaqdır. İkitərəfli münasibətlər baxımından isə bu səfər Serbiya-Gürcüstan əlaqələrində daha strukturlaşdırılmış mərhələnin başlanğıcı ola bilər. İndiyə qədər əsasən aşağı intensivlikdə olan siyasi və iqtisadi əlaqələr, yüksək səviyyəli səfərlə daha institusional xarakter ala bilər. Bu isə gələcəkdə həm iqtisadi, həm də siyasi koordinasiyanın artmasına şərait yaradır. Xüsusilə kiçik və orta iqtisadiyyatlı ölkələr üçün bu cür əlaqələr xarici ticarətin diversifikasiyası və investisiya cəlbi baxımından mühüm rol oynayır.
Digər tərəfdən, səfərin simvolik ölçüsü də az əhəmiyyət daşımır. Beynəlxalq münasibətlərdə yüksək səviyyəli lider görüşləri həm də siyasi mesajlarla ölçülür. Bu halda mesaj ondan ibarətdir ki, həm Serbiya, həm də Gürcüstan özlərini yalnız regional deyil, daha geniş Avropa siyasi məkanının aktiv iştirakçıları kimi görmək istəyirlər. Əməkdaşlıq sahələri isə klassik diplomatik gündəliyi əhatə edir. Yəni, ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat marşrutlarının inkişafı, təhsil və mədəni mübadilə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək. Bu sahələrdə real irəliləyişin olub-olmaması isə səfərin ənənəvi protokol xarakterindən çıxıb-çıxmayacağını müəyyən edəcək əsas göstəricidir. Odur ki, bu səfər iki ölkənin öz xarici siyasət portfellərini genişləndirmə və beynəlxalq sistemdə mövqelərini yumşaq şəkildə gücləndirmə cəhdi kimi qəbul oluna bilər”.

 

Banuçiçək Məmmədova

#yeni #i̇kitərəfli #prezidentinin #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər