Sertifikasiya üzrə test imtahanının beşinci günündə 6500-ə yaxın müəllim iştirak edib
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü yekunlaşıb. MÜTDA-nın məlumatına görə, imtahanda 6455 müəllim iştirak edib və 98 faiz davamiyyət qeydə alınıb. Test mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu isə iyunun 25-i saat 12:00-dan başlayacaq. Müəllimlər narazılıq və ya şikayətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə iyulun 25-i saat 12:00-dək təqdim edə biləcəklər. Müraciətlərə baxıldıqdan sonra sertifikatlaşdırmanın yekun nəticələri açıqlanacaq. Təhsil eksperti ilə söhbətdə prosesin nəticələri, apellyasiya mexanizminin effektivliyi və sertifikatlaşdırmanın təhsil sisteminə təsiri müzakirə oluna bilər.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli müəllimlərin sertifikasiyaya münasibətinin son illərdə müsbət istiqamətdə dəyişdiyini “İnformator.az”a açıqlamasında bildirib. Təhsil ekspertinin sözlərinə görə, müəllimlərin 98 faizinin sertifikasiya prosesində iştirak etməsi buna əyani sübutdur:
“Artıq gördüyünüz kimi, müəllimlərin 98 faizinin iştirakı onu sübut edir ki, sertifikasiyaya münasibət kifayət qədər dəyişib, yəni yaxşı mənada dəyişib. Ayın 25-dən sonra sertifikasiyadan narazı qalan müəllimlərin şikayətlərinin dinlənilməsi nəzərdə tutulub. Xüsusilə, tarix fənni üzrə müəyyən narazılıqlar var və bu artıq sosial şəbəkələrdə də özünü göstərir. Mən düşünürəm ki, tarixdən gətirilmiş arqumentlər, sübutlar həmin müəllimlərin xeyrinə həll olunması üçün əsas yarada bilər. Apellyasiya müraciətlərinə baxılacaq və hesab edirəm ki, bu məsələ müsbət həllini tapa bilər. Çünki bəzi məqamlarla bağlı müəllimlər öz aralarında apardıqları müzakirələr nəticəsində belə qənaətə gəliblər ki, həmin sualların tərtibatı və qoyuluşu düzgün deyil. Əgər apellyasiya zamanı bu iradlar əsaslandırılarsa, həmin müəllimlərə əlavə ballar verilə bilər. Builki sertifikasiya əvvəlki illərlə müqayisədə daha mütəşəkkil şəkildə təşkil olunub. 98 faiz iştirakçı var. Bu, prosesin uğurla təşkil olunduğunu göstərir”.
Məzahir Məmmədli sertifikasiyanın ümumi təhsil sisteminə müsbət təsirlərindən də danışıb. Onun sözlərinə görə, bu proses valideynlərdə və şagirdlərdə müəllimlərə inamın artmasına xidmət edir:
“Sertifikasiyanın yekun nəticələrinin ümumi təhsil sistemində faydası ondan ibarətdir ki, artıq valideynlərdə və təhsil alanlarda güvən yaranır. Onlar bilirlər ki, onlara dərs keçən müəllim sertifikatlı müəllimdir. Sertifikasiya müəllimlər üçün həm peşəkar qiymətləndirmə, həm də əlavə gəlir imkanı yaradır. Bir tərəfdən müəllimin özü üçün maaşa əlavələrin olması baxımından bu, müəyyən qazanc mənbəyi kimi qəbul olunur. Digər tərəfdən isə valideynlər, şagirdlər və ümumilikdə cəmiyyətdə belə fikir formalaşır ki, dərs deyən müəllimin biliyi, bacarığı və kompetensiyaları yerindədir, yəni o, sertifikasiyadan keçmiş müəllimdir. Sertifikasiya ilk illərdə Azərbaycanda təxminən 10 mindən artıq saxta diplomun aşkar olunmasına və tədrisə keyfiyyətsiz yanaşan müəllimlərin sistemdən uzaqlaşdırılmasına imkan yaradıb”.
Sonda Məzahir Məmmədli bildirib ki, qarşıdakı mərhələdən sonra bütün müəllimlərin sertifikatlaşdırılması prosesi başa çatacaq:
“Artıq son mərhələyə yaxınlaşırıq. Ümid edirik ki, bundan sonra müəllimlərin hamısı tam sertifikatlaşdırılan, biliyi və bacarığı müəyyən olunan standartlara cavab verən müəllimlər olacaq”.
Fatimə Hüseynli