Servis haqqı: kim müəyyənləşdirir, kimlərə çatır - DETALLAR
Paytaxtdakı restoranlarda müştərilərdən əlavə servis haqlarının tələb edilməsi hər kəsə məlumdur. Çox vaxt menyuda qeyd olunsa da, bəzən qonaqlara əvvəlcədən bu məlumat verilmir. Bu da sonda hesabı ödəyən müştərini əlavə sürprizlə qarşı-qarşıya qoyur. Vay o günə ki, müştərinin üzərində artıq pulu olmasın. Mübahisə və digər xoşagəlməz hallar qaçılmaz olur. Belə halda servis haqqını ödəməkdən imtina edə bilərikmi? Mövzunu informator.az oxucular üçün araşdırıb.
Restoranda sifariş verərkən büdcəmizə uyğun olması üçün əvvəla qiymətlərlə tanış oluruq. Amma sonda bizi bir sürpriz gözləyir- servis haqqı. Düzdür, əsasən menyularda bu ödəniş yer alsa da, bəzən məhz qəbzdə təqdim edilir. Qiymətlər də nə az, nə çox 5, 10, 15, 20% aralığında dəyişir.
Şəhər sakinlərindən Rauf Əhmədov deyir ki, onsuz da yeməklər bahadır, bir də üstünə servis haqqı gələndə daha baha olur: “Belə bir hal ilə qarşılaşmışam. Servis haqqı menyuda yox, hesabda qeyd olunmuşdu. Düzdür, ödədim. Amma üstümdə pul olmaya da bilərdi. Biz bilsək ki, o pul ofisianta çatır yenə də razılaşmaq olar. Amma heç bilmirik ki, rəhbərliyə çatır yoxsa ofisianta”.
Müştəriləri faizlərlə yanaşı düşündürən bir digər nüans servis haqqının nəyə əsasən müəyyənləşdirilməsidir. Məsələni aydınlaşdırmaq üçün paytaxtdakı restoranlara üz tutsaq da, onlardan sadəcə biri müsahibə verməyə razılaşdı. Digərləri ya servis haqqının olmadığını, ya da məlumat vermək istəmədiklərini bildirdilər.
Restoran administratoru Elgün Quliyev çalışdığı restoranda servis xidməti 10 faiz məbləğində müəyyənləşib: “Servis haqqının olması ilə bağlı qəbzdə məlumat yer alır. Qaldı, nəyə əsasən müəyyənləşdirilməsinə, biz əsasən xarici qonaqların çoxluğunu nəzərə alırıq. Bundan başqa məkanın yerinin də təsiri bu məsələdə rol oynayır”.
Elə müsahibəyə razılıq verən restoranda da servis haqqının qəbzdə göstərilməsi məsələ ilə bağlı boşluqların olduğunu ortaya çıxarır. Yəni cibinizdəki son pul kifayət edəcək qədər yemək sifariş etsəniz, sonda pərt olacağınız dəqiqdir. Azad İstehlakçılar Birliyindən də bildirildi ki, məsələ ilə bağlı şikayətlər bitmək bilmir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, aparılan monitorinqlərə əsasən çox sayda istehlakçı tərəfindən bu məsələ ilə bağlı şikayətlər daxil olub: “İstehlakçının hüququ belədir ki, əgər ona servis haqqının olması ilə bağlı əvvəlcədən məlumat verilmirsə bu zaman restorandan şikayət edə bilər. Buna əsasən, restoran 800-1000 manat aralığında cərimə olunur”.
Vəkil Samir Qasımov deyir ki, əgər servis haqqı ilə bağlı əvvəlcədən menyuda, yaxud şifahi şəkildə məlumat verilməyibsə, müştəri bu ödənişdən imtina edə bilər: “Servis xidməti haqqıhər bir restoranın personalı tərəfindən müəyyən edilir. Yəni ofisianta çata, işçilər arasında bölüşdürülə, yaxud restoranın vergisinin ödənilməsi üçün istifadə oluna bilər”.
“Müştəri hər zaman haqlıdır” prinsipini qorumaq üçün yuxarıda qeyd edilən məqamlara diqqət yetirməkdə fayda var.
