00:00:00
Yazar
Admin User
14.07.2018 18:03 1351 7 dəq oxuma
Sosial

Sevgidə məntiq axtarışına çıxmaq düz deyil - Xanım Niftəliyeva

Bağlanmaq da sevginin bir şaxəsidir.
Sevgidə məntiq axtarışına çıxmaq düz deyil - Xanım Niftəliyeva

Psixoloq-psixoterapevt Xanım Niftəliyevanın 100.5 Xəzər FM radiosuna sevgi günü ilə bağlı verdiyi müsahibəni təqdim edirik.

Sevgi əsərlərdə, romanlarda daha dərin təsvir olunur, amma reallıq fərqlidir. Bəziləri deyir ki, mən bilmirəm sevgi nədir?


- Heç kim boşuna yazıçı, şair, gözəl əsərləri meydana çıxaran olmur. Adi bir vizajist, modelyer belə böyük sevgidən ilhamlanıb əsərlər ortaya qoyur. Gənclər üçün bəlkə də ideal sevgi obrazı yaddır. İdeal sevgi, məncə, var. Nizami Gəncəvinin əsərləri bizə ideal sevginin varlığını sübut edir. Hər bir şey həyatdan götürülür. Heç nə öz-özünə yaradılmır, öz-özünə yaranmır.


Bəzən gənclər serialları örnək götürür. Oradakı sevgini yaşamaq istəyir, lakin reallıq başqadır, axı. Bu zaman artıq problem yaranır.


- Düzdür, bu problem yaradır və düzgün yanaşma deyil. Hər bir insan necə ki, öz zövqümüz, öz həyat tərzimiz var, eyni sevgini hər kəsə yaşaya bilməz ki. 10 milyon azərbaycanlının hamısının evində eyni yemək hazırlanmır. Hər hansı seriala baxıb sevəcəksə, bu real deyil. Bu artıq qeyri-real sevgidir.


Sevgi, ancaq evliliyə qədər deyil. Düzdür?


- Əlbəttə, Tanrıya da sevgi var, bəşəriyyətə də. Bütün yaradılana və yaradılışa sevgi var. İllərlə ailə quran insanlar var ki, 35-40 ilin ailəsidir və hələ də sevgi var, əl-ələ, göz-gözədirlər.


Bəzən sevgi bizi “yolaverdi”-deyirlər.


- Sevgi bizi yola vermir. Qarşıdakı insan bizi yola verir. Qarşıdakı obraz var. Bunu sevginin üzərinə atmayaq, sevgi gözəl hissdir.


İnsan həyatda bir dəfə sevir. Geridə qalanlar ya axtarışdır, ya da boşluq doldurmaq.


- Ən çox yeniyetməlik dövründə olan sevgilər unudulmur. Sonradan nə qədər sevgi yaşasalar da, əvəzolunmaz sevgi qarşılarına çıxsa da yenə də həmin o, yetkinlik dövründəki sevgini axtarırlar. Bu şüuraltına yerləşir. Şüurlatına yerləşən yetkinlik yaşında olan sevgidir. Digərləri isə onun davamıdır. Siz doğru qeyd etdiniz ki, ya boşluğu doldurmaq üçün, yaxud hər hansı ağrını itirmək üçündür. Sevgi ağıl və məntiqlə ortaya çıxmır. Sevgi duyğularımızın bizə yaşatdığı hissdir. Duyğularla da yaşanan hiss xoşbəxtliklə bərabər ağırı, acı da verir.

 

Məntiq rol oynamır sevgidə? Məntiq varsa, bu sevgi deyil?

 

- Məntiq evlilikdə olur. Amma sevgidə məntiq axtarışına çıxmaq düz deyil. Çünki biz iş qurmuruq. Hansısa yatırım etmirik, yaxud da hər hansı şirkətlə müqavilə imzalamırıq ki, ağlımızdan, məntiqimizdən istifadə edək. Sevgi elə bir hissdir ki, nə vaxt yarandığını insan özü də bilmir. Bir gün aşiq olduğunu görürsən. O zaman da keçmiş olsun deyək.

 

Keçmiş olsun deyək? Təbrik etməyək?

 

- Sevgi elə bir hissdir ki, insana ani xoşbəxtliklər yaşadır. Bununla yanaşı ağrısı, acısı, çətinlikləri də olur. Hər sevən insan deyə bilməz ki, mən bütün günü xoşbəxtəm. Sevgidən qısqanclıq yaranır.

 

Bəzən buna görə deyirlər ki, sevgi sənin nəyinə lazımdır? Uzaq dur ondan.


- Məsləhət vermək çox asandır. Mən yanıma gələn pasientlərə belə məsləhət vermirəm. Əksinə deyirəm ki, sevirsənsə sevgindən möhkəm yapış. Sevginin arxasınca get. Sevgi paylaşmamaq, qısqanclıq duyğusudur. Bu gün əsl sevgidən söhbət gedirsə, onun arxasınca getmək lazımdır. Zaman keçirmək, yaxud boşluq doldurmaqdırsa, o zaman deyirik ki, bu “sevgi”dən uzaqlaşın.

 

Sevgini madiyyata bağlayanlar da var.

 

- İnsan var ki, sevgini madiyyata bağlayır. Deyir ki, əgər birinin imkanı varsa, sevmək olar. İnsan var ki, heç bir qarşılıq gözləmədən, fədakarlıq edərək, özünü sevgiyə qurban verir. Sevgini ümumiləşdirmirik, fərdidir. Hər kəs bir prizmadan yanaşır. Görmə qüsurlu birindən soruşsan həyat necədir? Onun üçün həyat qara və ağdan ibarətdir. Amma görən bir insan təbiəti, ağcaları, quşları təsvir edəcək. Sevgidə acı çəkən insanlar onu ağ-qara kimi göstərəcək. Özündən balaca birinə də sevməməyi tövsiyə edəcək.

 

Sevginin verdiyi travmalar da var.

 

- Bu travmaların ağır formasında olanlar da var. Hətta intihara da səbəb ola bilir. Bu psixoloji problemi olan insanlarda müşahidə olunur. Travmalar obsesiv kampusiv pozuntulara gətirib çıxaırır. Mənim yanıma gələn pasientlərdə nevrotik mənşəli problemlər müşahidə olunur. Bu da ən çox qadınlarda üzə çıxır. Qadınlar sevilməyə daha çox ehtiyac duyduğu üçün o halları yaşayır. Panik atakla müraciət edənlər olur. Uşaqlıq, yeniyetməlik dövrünə getdikdə onların uşaqlıqda valideynlərindən, çevrələrindən sevgi azlığı görən insanlar olduğu məlum olur. Bu insanlar böyüdükcə daha çox sevgiyə möhtac duyur. Sevəndə isə çox dərindən sevir. Çalışaq ki, o insanları yaralamayaq. Çünki onlar intihara əl ata bilərlər.

 

Qarşılıqsız sevgi olanda travmaya səbəb olur?

 

- Qarşılıqsız deməzdim. Aldadıldığını, yaxud da xəyanətə uğradığını gördükdə intihara əl atırlar. Azərbaycanda bu az müşahidə olunsa da dünyada çoxdur. Ya müsəlman olduğumuz üçün, ya da mental dəyərlərimizə görə, sevgini, ayrılığı biz çox ağır qəbul edirik. Başqa xalqlar, millətlər isə ayrıldıqda dost kimi qala bilir. Hətta yeni sevgilisini keçmiş xanımı ilə tanış edə bilir. Yaxud da xanım bunu edə bilir.

 

Sevginin müddəti var?

 

- Saf sevginin müddəti yoxdur. Amma problemlər, münaqişələr sevginin bitməyinə səbəb ola bilir. Başqa millətlər bunu normal qəbul edir, ayrılırlar. Bir neçə ay sonra həyatlarında yeni biri olsa onu keçmiş sevgililəri ilə tanış edirlər. Bizdə isə ayrılığı qəbul etməyi, itirməyi gözə almağı bacarmırıq. Bu bəzən müsbət qarşılanır. Yəni insan sevgisini sahiblənməyi bacarmalıdır. Sevgi alış-veriş deyil. “Mən sevdim sən yox, mən çox sevdim, sən az” dedikdə bu artıq mənfəətə çevrilir. Qarşılıq gözləmədən sevirsinizsə, özünüz üçün sevin.

 

Platonik eşq daha çox əziyyət verir insana.

 

- Bu gün tək psixoloqlar deyil, bir çoxumuz platonik sevgi yaşayan insanlarla qarşılaşırıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik olur. Bu sevgi fiziki yox, hisslərin doyumu üçündür. Bu insanlar hisslərində, duyğularında yaşadır. Çox zaman bu zamanla keçsə də, bəzən keçməyib xəstəliyə çevirlir. Tibbdə onun yaratdığı sevgini qəbul etmirlər. Adel sindromu adlı bu problem Viktor Hüqonun qızının adının şərəfinə adlandırılıb. “Platonik”- dəlicəsinə deməkdir. Bu fiziki qovuşma deyil, insan öz hisslərində yaşayır. Adel sindromunu yaşayanlar gecələr çox narahat yatır. Gecələr ən azı 2 dəfə sevdikləri insanı yuxuda görürlər. Telefonlara cavab vermirlər, əmək qabiliyyətləri zəifləyir, özlərinə qapanıb işdən uzaqlaşırlar. Hər yerdə ancaq sevdiyi insan haqqında danışırlar. Bir müddət sonra Eyforiyaya qapılırlar, “o məni sevir, evləncəyik” kimi cümlələr işlədirlər. Hətta bəzən artıq evli olduqlarını deyirlər. Buna psixoloji cəhətdən zəif olan insanlar tutulurlar. Bunun sonu intiharla, yaxud ruhi sağlamlıq mərkəzində yerləşdirilməklə yekunlaşır. Yeniyetməlik dövründə bu çox az insanda müşahidə olunur.

 

Yaşadığımız sevgidə şüuraltının rolu nə dərəcədədir?

 

- Yəqin ki, şüualtında olan sevgi azlığı, uşaqlıqda olan diqqətsizlik böyüdükcə, hisslər, duyğular yarandıqca bizdə sevgi boşluqlarının yerini doldurmaq ehtiyacı yaranır.

 

Bağlanmaq və sevgini bəzən dəyişik salırlar.

 

- Bağlanmaq da sevginin bir şaxəsidir. Mən deyərdim ki, sevgini insan toparlaya, idarə edə bilər. Amma bağlanan insan bunları bacarmır. Onlar daha çox depressiya yaşayır. Bağlılıq sevgidən üstündür. 3-5 il bir yerdə olan insanlar var. Onla bir-birinin mənfi müsbət xüsusiyyətlərini bilir və olduğu kimi qəbul edir. Bu bağlılğa çevrilir. Sevgidə insan yorlulub, usanıb dur deyə bilir, amma bağlılıqda bu olmur.

 

Bir sevgini unutmaq üçün nə qədər zaman lazımdır?

 

- Əsl sevgini unutmaq olarmı? 3 ay lazımdır ki, insan özünü bir az toparlasın, yarası qaysaqlasın. Insan keçmişdə etdiyi yalnışları görməyə başlayır. Necə oldu ki, bu sevgi bitdi? Qarşıdakı insanı günahlandırmır artıq öz qüsurlarını görməyə başlayır. 3 ay sonra qadınlarda rahatlıq yaranır. Bu vəziyyətdən çıxa bilməyənlər psixoloqa, mütəxssisə müraciət edib travmanı aradan qaldıra bilərlər. Kişilər ilk vaxtlar rahat nəfəs alırlar, amma zaman keçdikcə onlarda yaralar yenidən qanamağa başlayır. Yeni qadınlar olsa da, başqa sevgilər yaşansa da əvvəlki sevgini axtarırlar. Itirdikdən sonra dəyərini anlayırlar, əvvəl hiss etmirlər. 2-3 ay rahatlamış formadan sonra kəskin darıxmalar başlayır, depressiv vəziyyətlər yaranır, sevgini qaytarmağa çalışırlar. Qadınlar artıq qəbullanmış vəziyyətdə olur, itki ilə barışırlar.

 

Sevgidə yaş fərqi.

 

Sevginin yaşı yoxdur, insan hər yaşda sevə, aşiq ola bilər. 7-8 yaş fərqi normal götürülür. Çünki qadınların şüuru 7 il daha çox düşüncə qabiliyyətli, irəlini görmə qabiliyyətli olur. 7-8 yaş fərqdə daha sağlam münasibətlər qururlur. Qadın bəydən 10-15 yaş böyükdürsə, o zaman həmişə kişinin qayğısına qalmağa çalışır, əksinə olduqda kişi qadına uşaq kimi baxır. Onun dediklərinin nə dərəcədə məntilqli olmasını araşdırır.

Sonda insanlara məsləhət kimi deyərdim ki, gerçək sevgini, eşqin sevginin anlamını bilmirlərsə, qarşılarındakı saf insanların duyğuları ilə əylənib onları incitməsinlər.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər