00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
13.02.2026 21:11 242 3 dəq oxuma
Media

Sevgisi Televiziya Olanların Günü-Aynur Nəsirovanın Televiziya Hekayəsi

Sevgisi Televiziya Olanların Günü-Aynur Nəsirovanın Televiziya Hekayəsi

Televiziya zamanın nəbzini tutan, cəmiyyətin aynasına çevrilən, bir anın içində tarixi yaddaşa çevirən bir məkandır. Bu məkanın işığına düşənlər üçün efir məsuliyyət, prinsipiallıq və peşə eşqinin vəhdətidir. İllərini xəbərin operativliyinə, sözün dəqiqliyinə, kadrın həqiqətinə həsr edən media nümayəndələri üçün televiziya həyat tərzinə çevrilir. Məhz bu bağlılığın canlı nümunələrindən biri də uzun illər televiziya sahəsində fəaliyyət göstərən Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, ARB24 telekanalının direktor müşaviri Aynur Nəsirovadır. "Bu gün sevgilisi televiziya olanların günüdür" deyən Aynur Nəsirova televiziya ilə bağlı xatirələrini "İnformator.az"la bölüşüb.

 

Bu gün ana televiziyanın 70 yaşı olur. Sizin televiziya sevginizin yaşı neçədir?

–Sevgi 2 cür olur, kənardan sevgini soruşursunuzsa, mənlə az yaş fərqi olar. Çətinliklərini, şirinliyini dadıb sevməyi nəzərdə tutursunuzsa, 1998-ci ildən "Sara" TV-də işə başlamamdan hesablaya bilərik. Yəni 28 il....

Dediniz ki, ilk televiziya təcrübənizə "Sara" TV-dən başlamısınız. İlk vaxtlarda hansı çətinliklərlə qarşılaşdığınızı xatırlayırsınız? İlk reportajınız və ya süjetiniz çox çətin olmayıb ki?

4-cü kursu yeni bitirən, əlinə mikrofon almamış biri üçün professional televiziyada işə başlamaq çox da asan olmadı, təbii ki. Hətta mikrofonu belə düzgün tuta bilməyən birinin az müddət ərzində reportajlar hazırlayıb imzasını tanıtması heç də rahat olmadı.

Hər media qurumunun öz prinsipləri var. O zaman vəziyyət necə idi? Üslubunuza zidd nələrsə olurdu?

–Təbii ki, olurdu. Sonuncu belə hal mənim TV-dən uzaqlaşmama gətirib çıxardı. Nə qədər çox sevsən də, 1 ildən artıq televiziyadan uzaq qaldım. Müxtəlif qəzetlərdə müxbir, redaktor, siyasət şöbəsinin müdiri kimi fəaliyyət göstərdim. O vaxta qədər ki, yeni yaranan Lider TV-dən dəvət aldım.

Lider TV-də əsas fəaliyyətiniz də siyasi istiqamətdə olub, səhv eləmirəmsə. Ulu Öndər Heydər Əliyevlə müsahibələrinizdən paylaşdığınız şəkillər, xatirələriniz həddən artıq çoxdur. O müsahibələr sizə jurnalist kimi hansı ən vacib dərsləri öyrədib? Həmin dövrü televiziya fəaliyyətinizin "qızıl dövrü" adlandırırsınız?

–Çox gözəl məqama toxundunuz. Həqiqətən də, o vaxtlar mənim jurnalist fəaliyyətimin qızıl dövrü olub. Məsuliyyət, operativlik, informasiya siyasəti, efir siyasəti. Tam bir Televiziya məktəbi!!!

Bu məktəbdən öyrəndiyinizi təhsilə gətirmisiniz. Televiziyadan ayrı - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi... 10 il sonra isə yenidən televiziya ilə yolunuz kəsişib.

–Düz qeyd elədiniz. 10 il ayrı qalsam da televiziyadan, öyrəndiklərimi tələbələrimə ötürmüşəm. Onları TV ekranlarında görəndə elə bilirdim ki, iş başında elə özüməm. Amma bir müddət sonra hiss elədim ki, TV biliklərim köhnəlib və yenilənmə ancaq nəzəriyyə ilə mümkün deyil. O zaman dərhal qərarımı verdim... Mən yaxşı reportyor yetişdirmək üçün yenidən televiziyaya qayıtmalı idim.Bu gün Bakı Dövlət Universitetində kafedra müdiri olmaqla yanaşı, həm də ARB24 telekanalında direktorun müşavirisiniz. Fəaliyyətinizin əsas prinsipi nədir?

–Əsas prinsip universitetlə TV arasında körpüdən uğurlu namizədləri keçirmək, efirdəki yanlış məqamları aşkarlayıb üzə çıxarmaq və problemin kökünü tapıb həll etmək, ən əsası isə TV sevgisi.

Öz təcrübələrinizi nəzərə alaraq gənc jurnalistlərə tövsiyəniz nədir?

–İşinin peşəkarı olmaq üçün palçığa bataraq çıxmaqdan çəkinməmək, utanmamaq. Bizim sahə hər an yenilənir. Əgər mən tam hazıram deyib, öyrənməyə can atmayacağıqsa, uğur əldə edə bilməyəcəyik. Mənim üçün hər il 14 fevral televiziyaya, işimə sevgimi dünyaya bağırmaq istədiyim bir gündür!!! Gənc jurnalistlərə də məhz bunu arzulayıram, xəbər xəstəliyinə tutulduğunuzu hiss etdiyiniz an o yola nahaq çıxmadığınızı sizə sübut edəcək. Ana televiziyanın timsalında ürəyi televiziya ilə döyünənləri təbrik eləyirəm! Günümüz mübarək!

Ayan Sədi

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər