Şeydayev yenidən “Qarabağ”da
"Qarabağ" Ramil Şeydayevi transfer etdiyini təsdiqləyib.
"Köhlən atlar" 29 yaşlı hücumçunu yenidən sıralarına cəlb edib. Futbolçu Ağdam təmsilçisində 77 nömrəli formanı geyinəcək.
Mövzu ilə bağlı İTV-nin şərhçisi Tural Dadaşov “İnformator.az”a açıqlamasında bildirib ki, Şeydayevin “Qarabağ”a keçməsi gözlənilən idi:
“Son günlərdə hadisələrin gedişatından Ramil Şeydayevin "Qarabağ"a keçəcəyi, demək olar ki, bəlli idi. Ramilin 29 yaşı var. Düşünürəm ki, onu hesabdan silmək, daha güclü klublara yararlı ola bilməyəcəyini iddia etmək düzgün olmazdı. Biz dəfələrlə "Qarabağ"ı tərk edib digər klubda uğurlu olmayan futbolçuların yenidən Ağdam təmsilçisinin heyətinə qayıtdıqdan sonra faydalı olduğunu görmüşük. Təbii ki, burda Qurban Qurbanov amili əsas məqam kimi qeyd edilməlidir. Düşünürəm ki, Ramil bir futbolçu kimi bitməyib. Qurbanovun başçılığı altında yenidən əvvəlki səviyyəsinə qayıda bilər. Ancaq bu, qısa müddətdə və asanlıqla olmayacaq. Ona görə hazırda Şeydayevin komandaya hansısa üstünlük gətirəcəyini düşünmürəm. Zamanla isə bu, mümkündür. Ramilin öz əzmindən və iradəsindən çox şey asılıdır. Mən onun yenidən uğurlu olacağına ümid edirəm”.
Lalə Qurbanlı
