“Əsgərlik yaşı artırılmır”
Son günlər sosial şəbəkələrdə əsgərlik yaşının 20-ə qaldırılacağı ilə bağlı yayılan məlumatlar cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov xəbəri təkzib etsə də, müzakirələr gündəmdən düşmür:
“Son günlər sosial mediada yayılan əsgərlik yaşı 20-ə qaldırılır iddiaları həqiqəti əks etdirmir. Əsgərlik yaş həddinin artırılması hazırda müzakirə mövzusu deyil”.
Gənc nəsil əsgərlik yaşının artırılmasını dəstəkləsə də, yaşlı nəsil 18 yaşın xidmət üçün ideal olduğunu hesab edir.
Mövzunun aktuallaşması gənclərin psixoloji hazırlığı məsələsini də gündəmə gətirib. Mütəxəssislərin fikrincə, bəzi hallarda gənclərin 18 yaşda hərbi xidmətə psixoloji baxımdan tam hazır olmamaları onların gələcək həyatına mənfi təsir göstərə bilər. Psixoloq Aytən Ələkbərova cəmiyyətdə formalaşmış “ali məktəbə qəbul olmasan, əsgərliyə gedəcəksən” kimi yanaşmanı ciddi problem hesab edir:
“Belə qorxu altında gənclər əsgərlikdən kabus kimi qorxur və xidmətin onlarda dəhşətli xatirələr buraxacağını düşünürlər. Bu kimi yanaşmaların qarşısını almaq üçün çağırış zamanı oğlanlar mütləq psixoloji testlərdən keçməlidir. Psixoloji immunitet yoxlanmalı və nəticələrə əsasən onların hansı taqıma yerləşdiriləcəyi müəyyən edilməlidir”.
Psixoloqun sözlərinə görə, gəncin özünü tanıması və xarakterinə uyğun peşə seçməsi həm onun, həm də xidmətin ümumi keyfiyyətinə müsbət təsir göstərər:
“Bir gəncin aşpaz, sürücü və ya atıcı kimi xidmət etməsi onun psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır. Çünki çox vaxt xidmətin gedişi şəxsin psixoloji dayanıqlığından asılı olur”.
Aytən Ələkbərova həmçinin qeyd edib ki, məktəblərdə tədris olunan “Çağırışaqədərki hazırlıq” fənninə yalnız hərbi-texniki deyil, psixoloji hazırlıq mövzuları da daxil edilməlidir:
“Gənclər silahı söküb-yığmağı öyrənir, amma eyni zamanda anlayış formalaşdırılmalıdır ki, əsgərlik qorxulacaq bir şey deyil”.
Təhsil eksperti Vüsal Kərimli bildirir ki, hərbi xidmətdən qayıdan oğlanların bir qismi əvvəlcə işə yönəlsə də, müəyyən vaxt keçdikdən sonra yenidən magistratura təhsilinə qayıdırlar. Kərimlinin sözlərinə görə, bu səbəbdən oğlanların təhsilə marağı azalmış kimi görünsə də, proses sonradan balanslaşır:
“Oğlanlar hərbi xidmətdən qayıtdıqdan sonra iş dünyasına, işləməklə bağlı istiqamətə yönəlirlər.Azərbaycan mentalitetində kişilər ailə başçısıdırlar, ailənin maliyyə yükünü daşıdıqları üçün daha çox işləməyə yönəlirlər. Oğlanlar əvvəl işə atılırlar, müəyyən kariyera qazandıqdan sonra magistratura təhsilinə yenidən qayıdırlar”.
Mütəxəssislərin fikrincə, əsas məsələ əsgərlik yaşının dəyişdirilməsi yox, gənclərin hərbi xidmətə düzgün psixoloji hazırlığıdır.
Ayan Əsgərova
