Şəhid ailələri və müharibə əlillərinə 14 150 mənzil və fərdi ev verilib
“Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib”.
Bu sözləri İnformator.az-a açıqlamasında Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib.
“Bu ilin ötən dövründə 850, postmüharibə dövründə 5 350, ümumilikdə ötən dövrdə 14 150 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub, bu proses hələ də davam etdirilir”.
Murad Həşimovun sözlərinə görə, agentlik tərəfindən müəyyən edilən şəxslərin sosial-məişət şəraitinin rifahı üçün bir sıra tədbirlər həyata keçirilir.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, həmçinin gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması həyata keçirilir”.
Həcər Əmiraslanlı
