Şəhid leytenant Nurlan Həsənova həsr olunmuş kitabın təqdimatı keçirilib
19 may 2023-cü ildə Şuşa Dövlət Musiqili Dram Teatrında 2-ci Qarabağ müharibəsi Şəhidi, leytenant Nurlan Nadir oğlu Həsənovun Mövlud Günü və Şəhid leytenant Nurlan Həsənovun anadan olmasının 32-ci ildönümündə ona həsr olunmuş “Zəfəri Nurlandıran Nurlan” kitabının təqdimatı keçirilib.
İNFORMATOR.AZ xəbər verir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan tədbirdə Tədbirdə Şuşa RİH-in başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbərliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli, “Zəfər Yolu” İB-in üzvləri, şəhid ailələri, qazilər, şuşalılar, media nümayəndələri, Şuşa musiqi məktəbinin şagirdləri, şairlər və digər nümayəndələr iştirak edirdilər. ![]()
Tədbirin təşkilatçısı və aparıcısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Arzu xanım Əliyeva tədbiri açıq elan etdi. Dövlət himnimiz səsləndirildi və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə Şuşa RİH başçısının müavini Vüsalə xanım Fətəliyeva kitab haqqında, şəhidlərimiz haqqında çıxış etdi və gənc yazara təşəkkür edib ədəbi fəaliyyətində uğurlar arzuladı. Sonra şəhidimizin valideynləri - anası Həqiqət xanıma və atası Nadir müəllimə söz verildi. Onlar övladlarının həyatı və şəhidliyə gedən yolundan danışdı, tədbirin təşkilinə görə əməyi keçənlərə minnətdarlıq edib gənc yazar Sevindik Nəsiboğluna təşəkkürlərini bildirdilər. Tədbir iştirakçılarına Nurlanın ailəsi, qızı və oğlu ilə olan xoş anlarına, anasının xatirələrinə və Nurlanın məktəbli olarkən fəal vətənpərvər çıxışlarına həsr olunmuş videoçarxlar nümayiş olundu. Tədbirdə duyğulu anlar yaşandı. Şəhidimizin qızı Nurgül Həsənova çıxışında atası ilə fəxr etdiyini və bütün şəhidlərə Allahdan rəhmət dilədiyini söylədi. Şairə Kəmalə xanım Abiyeva öz çıxışında Qarabağa , şəhidlərə, Şuşaya həsr etdiyi şeirlərlə bağlı məlumat verdi, onun sözlərinə musiqi bəstələmiş bəstəkar Gülşən xanıma təşəkkür etdi.![]()
Çıxış edənlər və şəhidin valideynləri “Zəfəri nurlandıran Nurlan” adlı kitabın müəllifi Sevindik Nəsiboğluna gələcək ədəbi fəaliyyətində uğurlar arzulamaqla yanaşı fədakar əməyinə görə minnətdarlıqlarını bildirdilər. Şəhidimizin ailəsi müəllifə xüsusi xatirə hədiyyəsi təqdim etdi. Həmçinin tədbirin aparıcısı Arzu xanım isə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin (DAVİB) Fəxri Fərmanını müəllifə təqdim etdi.
Şəhidimizə həsr olunmuş və təqdimatı keçirilən “Zəfəri nurlandıran Nurlan” adlı kitab tədbir iştirakçılarına hədiyyə edildi və sonda xatirə şəkilləri çəkdirildi. ![]()
Mərasimdə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, Nurlanla bağlı xatirələr bölüşülüb. 15 yaşlı müəllif Sevindik Nəsiboğlunun sayca 6-cı kitabı olan “Zəfəri Nurlandıran Nurlan” da şəhidimizin ömür və döyüş yolundan bəhs edilir. Kitabda Nurlan Həsənovun iş yoldaşlarının da onun haqqında fikirləri yer alıb. N. Həsənov 19.05.1991-ci ildə Şuşada doğulub. 2020-ci ilin sentyabrında səfərbərlik çağırışı ilə yenidən ordu sıralarına qatılıb, oktyabrın 1-də isə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra leytenant Nurlan Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.![]()
![]()
