Şikayətlər çoxaldıqca, alıcılar azalacaq
Bir neçə aya yaxındır, Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir - məhsulları birbaşa Azərbaycana sifariş etmək...
"Trendyol.com”saytından sifariş edilən malların birbaşa alıcının Azərbaycan ünvanına çatdırılması xidməti karqo şirkətlərindən biri ilə əməkdaşlıq çərçivəsində mümkün olub. Lakin son zamanlar sözügedən karqo şirkəti ilə bağlı şikayətlər çoxalıb. Belə ki, alıcılar karqo şirkətindən suallarına cavab ala bilmədiklərini, məhsullarının göstərilən zamandan gec gəldiyini bildirilər. Hətta bəziləri məhsullarının itdiyini və şirkətin bu məsuliyyətdən qaçdığını da iddia edir.
İqtisadçı-ekspert Pərviz Heydərov sözügedən şirkətlərlə, vətəndaşlarımızın ticarət etməsini, dövlətin birmənalı şəkildə qəbul etmədiyi hal adlandırır. Ekspert deyir ki, xaricdən kargo vasitəsilə, sifariş edilən məhsullara laqeydlik, vətəndaşları əlacqız qoyaraq, onları bu şirkətlərdən uzaqlaşdırmaq məqsədi daşıyır. “Düşünürəm ki, dövlətimiz bu problemin həllinə dair, ilk növbədə, sığorta mexanizmi tətbiq etməlidir. Bu sistem tətbiq olunarsa, zərərçəkənlərimiz üçün də əsas çıxış yolu tapılacaq”. Pərviz Heydərovun szölərinə görə, vətəndaşların ölkəsində aldığı əmək haqqını, xarici şirkətlərə sərf edərək, ticarətlə məşğul olması, pul axınına gətirib çıxarır. “Xarici ölkələrdəki istehlakçıların pulla təmin edilməsi, ölkə iqtisadiyyatının zərərinədir. Amma, dövlətin sərt cəza tətbiq edərək, xarici istehlakçılara dair müdaxiləsi də mümkün deyil”.
Hüquqşünas Əkrəm Həsənov isə dövlətin bu sahədə tədbir görməsini mümkünsüz hesab edir. Deyir ki, xarici kargo şirkətləri bizim vətəndaşlarla aralarında müqavilə bağlayır. Əgər, həmin şirkətlər müqavilə öhdəliyini pozaraq, qəbul etdiyi sifarişin çatdırılmasına laqeyd yanaşarsa, zərərçəkənlərin haqqı var ki, onları məhkəməyə verib, dəyən ziyanı tələb etsin. “Bu hal tək xaricdə yox, başqa alış-verişlərdə də yaşanır. Tutaq ki, marketdə bizə yanlışlıq oldu. Biz, həmin şəxsi, məhkəməyə verməkdən başqa, heçnə edə bilmərik. Elə vətəndaşlarımız var ki, onlara görə, məhkəməyə üz tutmaq, kargoda dəyən ziyandan baha başa gələcək. Trendyol, Vadi kimi böyük nüfuz qazanmış şirkətlər çalışmalıdır ki, öz adına xələl gətirməsin. Şikayətlər çoxaldıqca, onların alıcıları azalacaq. İstənilən biznesin qaydası budur elə. Adı çıxan şirkətdən, heç kim nəsə almaz”.
HƏCƏR ƏMİRASLANLI
