00:00:00
Yazar
Admin User
22.01.2026 16:59 66 2 dəq oxuma
Dünya

Şimalda gərginlik artır: NATO-nun yeni təhlükəsizlik cəbhəsi

Şimalda gərginlik artır: NATO-nun yeni təhlükəsizlik cəbhəsi

NATO-nun yeni təhlükəsizlik konsepsiyası çərçivəsində Danimarka, Qrenlandiya və Şimal ölkələrinin müdafiəsinin gücləndirilməsi alyansın əsas prioritetlərindən birinə çevrilib.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, NATO-nun şimal istiqamətində fəallaşması zahirən Rusiyadan qaynaqlanan təhlükələrlə əsaslandırılsa da, prosesin arxa planında alyans daxilində ciddi fikir ayrılıqları və maraqlar toqquşması mövcuddur:

 

“Qrenlandiya ətrafında yaranan vəziyyət NATO daxilindəki struktur problemləri üzə çıxaran ən açıq nümunələrdən biridir. Qrenlandiya hüquqi baxımdan Danimarkanın tərkib hissəsi olsa da, ABŞ-nin bu əraziyə açıq və birbaşa maraq göstərməsi müttəfiqlər arasında etimad böhranı yaradıb.ABŞ-nin Qrenlandiyanı təhlükəsizlik riski adı altında öz nəzarətinə almaq istəyi faktiki olaraq NATO daxilində presedent yaradır. Bu isə alyansın əsas prinsiplərindən biri olan kollektiv təhlükəsizlik və qarşılıqlı ərazi toxunulmazlığı anlayışını sual altına qoyur. Qrenlandiya rəhbərliyinin və Danimarka hökumətinin ABŞ-yə birləşmə ilə bağlı mövqeyinin mənfi olmasına baxmayaraq, Vaşinqtonun bu mövzuda israrını davam etdirməsi Avropa paytaxtlarında ciddi narahatlıq doğurur.Maraqlı məqamlardan biri də Rusiyanın Qrenlandiya məsələsinə münasibətidir. Moskvanın bu prosesə açıq etiraz nümayiş etdirməməsi, əksinə, müəyyən mənada neytral mövqe tutması ABŞ-Rusiya arasında mümkün pərdəarxası razılaşmalarla bağlı ehtimalları gücləndirir. Bu vəziyyət Ukrayna müharibəsi fonunda tərəflər arasında geosiyasi ticarətin aparılması ehtimalını da gündəmə gətirir və Qrenlandiya bu kontekstdə bir növ sövdələşmə alətinə çevrilə bilər”.

 

Politoloqun fikrincə, Qrenlandiya ABŞ üçün yalnız hərbi-strateji mövqeyinə görə deyil, həm də iqtisadi və texnoloji baxımdan böyük əhəmiyyət daşıyır:

 

“Ərazi nadir torpaq elementləri və digər strateji xammal ehtiyatları ilə zəngindir. Eyni zamanda, sərt iqlim şəraiti ABŞ-yə ekstremal hava şəraitində fəaliyyət göstərə bilən hərbi və texnoloji infrastrukturların sınaqdan keçirilməsi üçün unikal imkanlar yaradır. Bu amillər Vaşinqtonun Qrenlandiya üzərində nəzarəti qlobal güc strategiyasının vacib hissəsi kimi görməsinə səbəb olur. NATO-nun Arktika və şimal regionlarında hərbi mövcudluğunu artırması Rusiya-Qərb münasibətlərində gərginliyin daha da dərinləşməsinə yol aça bilər. Alyansın Rusiyaya yaxın ərazilərdə hərbi infrastruktur qurması və qüvvə balansını dəyişməsi Moskvanın təhlükəsizlik doktrinasına birbaşa təhdid kimi qiymətləndirilir. Bu da Rusiyanın cavab addımlarını sürətləndirməsi və regionda silahlanma yarışının yeni mərhələyə keçməsi riskini artırır. Arktika artıq təkcə regional təhlükəsizlik məsələsi deyil, qlobal güclərin uzunmüddətli strateji planlarının kəsişdiyi əsas məkana çevrilib. ABŞ, Rusiya, Çin və Avropa İttifaqı bu bölgədə gələcək onilliklər üçün mövqe tutmağa çalışır. NATO-nun Şimal ölkələrinə yönəlik təhlükəsizlik siyasəti də məhz bu qlobal rəqabətin bir hissəsidir və qarşıdakı dövrdə alyans daxilində daha dərin siyasi və hərbi müzakirələrə səbəb olacağı istisna edilmir”.

 

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər