Simonyan Moskvada Lavrovla görüşəcək
Ermənistan parlamentinin sədri Alen Simonyan fevralın 5-6-da Rusiyaya səfəri çərçivəsində Rusiya XİN rəhbəri Sergey Lavrov və Federasiya Şurasının sədri Valentina Matviyenkoyla görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər və region səviyyəsində razılaşdırılmış məsələlər müzakirə olunacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Simonyanın Moskvaya səfəri Ermənistan üçün müəyyən əhəmiyyət kəsb edir, amma görüşlərdən pozitiv nəticələrin əldə olunacağı hələlik müəmmalı görünür:
"Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın əsas əleyhdarları sırasındadır. Baş nazir Nikol Paşinyan və Simonyan Rusiya ilə bağlı məsələlərdə fərqli mövqedən çıxış edirlər və Ermənistanın Qərbə inteqrasiyasında fəal rol oynayırlar. Bir müddət öncə Simonyan Rusiya XİN-in bəyanatına sərt reaksiya vermişdi, bildirmişdi ki, Rusiyanın Zəngəzur dəhlizinə, yəni Tramp marşrutuna müdaxiləsi yolverilməzdir. Bu layihə Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmaya əsaslanır və Rusiyanın buna təsir göstərməsi reallıqdan uzaqdır.
Belə bir siyasətçinin Rusiyada aparacağı danışıqlardan hansı nəticələrin çıxacağı hələlik açıq deyil. Hazırda Cənubi Qafqaz üçün əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasıdır. Bu sənəd yaxın gələcəkdə imzalanarsa, regionda yeni inkişaf perspektivləri açıla bilər. Digər tərəfdən, Tramp marşrutu ilə bağlı layihənin reallaşması Cənubi Qafqazın taleyini müəyyənləşdirə bilər. Layihə həyata keçərsə, ABŞ regionda möhkəm mövqe tutacaq və Rusiyanın təsir mexanizmləri məhdudlaşacaq. Hazırda yaxın aylarda Cənubi Qafqazda sülh və sabitliyə birbaşa təsir göstərə biləcək mühüm hadisələrin baş verməsi ehtimalı yüksəkdir".
Reyhan Quliyeva
