00:00:00
Yazar
Admin User
16.10.2023 17:21 666 3 dəq oxuma
Sosial

Siqaret çəkən yeniyetmələr daha aqressiv olur

Siqaret çəkən yeniyetmələr daha aqressiv olur

"Şəxs özünü ifadə etmək üçün verbal ünsiyyət vasitəsi tapa bilməyəndə, sözlə öz fikrini çatdıra bilməyəndə qeyri-verbal ifadə vasitələrinə əl atır. Biz siqareti də dırnaq arasında qeyri-verbal ifadə vasitəsi kimi dəyərləndirə bilərik".

 

Bu sözləri informator.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova söyləyib. Psixoloq deyir ki, əslində yeniyetmələr arasında bu cür halların 14 yaşından, hətta daha aşağı yaşlarda müşahidə olunmasının səbəbi onların həmyaşıdları tərəfindən qəbul görmək istəyidir.

 

“Yeniyetmə yaş dönəmi hazırda Ümumdünya Sağlıq təşkilatının yayımladığı son məlumata əsasən, 9 yaşdan başlayır. Yəni bu o deməkdir ki, siqaretin, həmçinin də cinsəlliyin yaşı artıq bu qədər aşağı düşür. Bu yaş dönəmindəki uşaqların çevrədən qəbul görmək, təsdiq almaq hissi daha yüksək olur. Əgər o evində diqqət, qayğı, sevgi və buna bənzər dəstəkləyici motivlər görmürsə, yoldaşları tərəfindən qəbul görmək üçün neqativ yollara, yəni siqaretə və s. əl ata bilər”.

 

Psixoloqun sözlərinə görə indi qızlar arasında da siqaret aludəçiliyi oğlanlar qədər yayılıb.

 

"Ona görə də bu üstündə durulması və narahat olunması gərəkən bir məqamdır. Siqaret sağlamlığa zərər verməklə yanaşı, psixoloji olaraq dırnaq arası rahatlıq verdiyini şəxs düşünsə də, onun dünyaya övlad gətirmə funksiyası daxil olmaqla əksər sağlıq problemlərinin təməl qaynaqlarını zədələyir”.

 

Bəs bu halda nə etməliyik?

 

Psixoloq qeyd edir ki, ümumiyyətlə biz yeniyetmələri ittiham etmək, nəsihət vermək yerinə anlamalı və onu başa düşmək üçün çaba göstərməliyik.

 

“Yeniyetmələrə münasibətdə, ilk növbədə ailələrin üzərinə böyük məsuliyyət düşür. Valideynlər övladlarını daim izləmədə saxlamalı, çevrəsini təmiz, pis vərdişlərdən kənar tutmalıdır”.

 

Psixoloq əlavə edir ki, önəmli faktorlardan biri də valideynlərin siqaret alışqanlığıdır.

 

“Uşaq bunu evdə normal olaraq görübsə, biz növbəti mərhələdə onun əslində norma yox, olmaması gərəkən bir şey olduğunu izah etməyə çətinlik çəkə bilərik. Ona görə də bizim və çevrəmizin davranışlarının övladlarımıza nümunə olduğunu göz önünə qoyaraq onların formalaşma dönəmində maksimum diqqətli olmalıyıq. Həm təəssüf ki, həm də nə yaxşı ki övladlarımızın bizə bənzəmə ehtimalı çoxdur. Biz əgər bunu müsbət bir dua kimi qəbul ediriksə, deməli həyatımızı dövrü yöndə planlamışıq. Biz buna "iraq olsun", "Allah uzaq eləsin" deyirksə, deməli övladımızla çalışmaq yerinə özümüzə çəki-düzən verməliyik”.

 

Mövzu ilə bağlı həkim Mərdan Əliyev isə deyir ki, siqaret ağ ciyər xərçənginə gətirib çıxarır.

 

“Digər tərəfdən siqaretin tüstüsünün tərkibində olan qıcıqlandırıcı maddələr bronx və ağciyərləri qıcıqlandırır və xroniki iltihab əmələ gətirir. Bu da siqaret çəkən şəxslərdə öskürəyə, xüsusən yatanda xışıltıya səbəb olur. Bunun digər təsiri nikotinlə bağlıdır. Nikotin özü damarlara təsir göstərir və çox siqaret çəkən şəxslərdə damarlarda spazm əmələ gəlir. Tez-tez siqaretin çəkilməsi nəticəsində bu spazm elə daimi xarakter alır. Yəni damarlar yenidən genişlənməyə vaxt tapmamış digər siqaret çəkilir və yenidən spazm başlayır. Bu da qan-dövranı pozuntusuna səbəb olur. Belə şəxslərdə beyin-qan dövranının pozğunluğu və insultun yaranma ehtimalı da artır. Çox siqaret çəkən şəxslərdə biz insult olmasını da müşahidə edə bilirik”.

 

Həkim əlavə edir ki, xəstəliklərdən savayı, müəyyən narahatlıq yaradan əlamətlər meydana çıxır.

 

“Bura dişlərin saralmasını, ağızdan pis qoxunun gəlməsini aid edə bilərik. Hətta mədə - bağırsaq sisteminə təsir göstərir. Çünki siqaret çəkildikdən sonra nikotin mədə vəzilərindən ifraz olunur və bu da mədə ağrılarına səbəb ola bilir”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər