Sirkə maraq varmı?
Azərbaycanda sirk ənənələri qədim dövrdən davam edir. Bizim insanlar pəhləvanlardan, kəndirbazlardan ibarət tamaşalar yaradıb. XVIII-XX əsrlərdə texnologiyanın inkişafı ilə sirkdə daha mürəkkəb janrlar yaranıb. Azərbaycanda Dövlət Sirki 1967-ci ildə tikilib. Ona qədər taxtadan tikilmiş sirklərə də rast gəlmək olardı ki, zamanla onlar yanğınlara məruz qalaraq, məhv olub. Azərbaycanın ilk sirk truppası birinci tamaşasını 1946-cı ildə təqdim edib. Bu, Üzeyir Hacıbəylinin hazırladığı "Toy" adlı proqram olub. Orada çoxlu azərbaycanlı ustadlarımız da iştirak ediblər.
Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayevlə həmsöhbət olduq. Nahid Ağayevin sözlərinə görə, sirk daha çox uşaqların sevdiyi məkan kimi tanınsa da, tamaşaçılar arasında olan valideynlər heç də uşaqlardan az həvəsli görünmürlər. Çünki artıq Azərbaycan sirki dünya sirk ustadlarından bir çox maraqlı janrları mənimsəməklə, tamaşaçının zövqünü oxşayan proqramlar yaradır. 1990-cı illərin sirki ilə indiki sirk eyni deyil. Bu gün proqramlar müzikl üzərində qurulur, orada hekayə, mənfi və müsbət obrazlar var. Nahid Ağayev bildirir ki, əsas məqsəd odur ki, proqramı davam etdirməklə artistlərin püxtələşməsinə şərait yaradılsın. Yerli artistləri sirkə cəlb etmək üçün burada məktəb formalaşdırmaq, studiya yaratmaq lazımdır. Əsas hədəflərdən biri də sirk tamaşalarını bütün mövsümlərdə təşkil etməkdir. Lakin bunun üçün hələ texniki imkanlar yoxdur.
Fatimə Mustafayeva
