Şirkətlərdə gender bərabərliyinin təmini ilə bağlı tədbir keçirilib
Birləşmiş Millətlər Təşkilatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə səyi nəticəsində təlim baş tutub.
İnformator.az xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və digər özəl şirkət nümayəndələri iştirak ediblər. 20-dək özəl şirkət nümayəndələrinin olduğu praktiki təlimdə əsas mövzu özəl şirkətlərin insanlar arasında gendər bərabərliyini necə təmin etməsi ilə bağlı olub. Təlimdə şirkət nümayəndələri öz təcrübələrini bölüşüb və fikir mübadiləsi aparıblar. Daha sonra isə azad iş mühitində sağlamlıq, təhlükəsizlik və zorakılıqla bağlı bir çox mövzular müzakirə edilib.
Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması Layihəsinin meneceri Aygün Əhmədova deyir ki, şirkətlərdə xüsusi təlimlər təşkil edilir: “Hər bir şirkətdə gender üzrə müəyyən edilmiş bir məsul şəxs və ya şəxslər təyin etməklə, bizim prinsiplər çərçivəsində təlim keçirik və texniki dəstək göstəririk. Həmin texniki dəstək nəticəsində onlar öz şirkətlərində ilk növbədə boşluqların analizini həyata keçirirlər. Bu analizlərdən sonra boşluqları aradan qaldırmaq üçün strategiya hazırlayırıq”.
