Şirvan şəhərində növbəti maarifləndirmə tədbiri uğurla keçirildi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbir Şirvan şəhərində təşkil olunub.
Tədbirdə layihənin rəhbəri, “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Könül Qasımova, layihənin təlimçisi, politoloq-pedaqoq Zülfiyyə Qasımova, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov, Şirvan Şəhər Polis İdarəsinin əməkdaşı Səyyad Nadirov və Şirvan Şəhər Gənclər Evinin rəhbəri Aytac Əliyeva iştirak ediblər.
Tədbirə 30-dan çox xüsusi qayğıya ehtiyacı olan uşağın valideyni, müəllimlər və ictimaiyyət nümayəndələri qatılıblar. Görüş zamanı uşaqların təhsili, sosial inteqrasiyası, psixoloji dəstək, valideyn məsuliyyəti və inklüziv mühitin formalaşdırılması ilə bağlı ətraflı məlumat verilib. Tədbir iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
Tədbirin sonunda iştirakçılar üçün çay-kofe süfrəsi təşkil olunub, səmimi söhbətlər aparılıb və xatirə şəkilləri çəkilib.
Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, ailələrə sosial-psixoloji dəstəyin gücləndirilməsi və uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına töhfə verməkdir.







