Şirvanda zavodda baş verən partlayışda xəsarət alanlarla bağlı Səhiyyə Nazirliyindən növbəti açıqlama
"Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunda yaralanan şəxslərin vəziyyətləri normaldır və onların sağlamlığı üçün həyati təhlükə yoxdur".
İnformator.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova İnterAz-a açıqlamasında bildirib ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş partlayış zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb: “İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacaq. Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri normaldır”.
L.Bayramova diqqətə çatdırıb ki, ümumilikdə Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar Şirvan Mərkəzi Rayon Xəstəxanasına indiyə kimi 24 nəfər müraciət edib. Onlardan 14 nəfər ambulator yardım alaraq dünən evə buraxılıb. Xəstəxanada dünən müalicə alan 10 nəfərdən biri dünən xəstələrdən biri dünən Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. 2 nəfər isə dünən evə buraxılıb.
Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb.
