SƏKİ LƏĞV EDİLİB, PARKİNQLƏ ƏVƏZ OLUNUR
Xətai prospekti Əhməd bəy Ağaoğlu küçəsində piyada səkisinin ləğv edilib, parkinqlə əvəz olunacağı deyilir. Səbəb ərazidə gedən tikinti işləridir. Qazıntı zamanı səki istifadə üçün yarasız vəziyyətə salınıb. Piyadalar həkətlərini avtomobil yolu ilə davam etdirməyə məcburdurlar. Problemlə bağlı tikinti aparan şirkət ərazidə parkinq yaradılacağı ilə bağlı açıqlama verib. Tikinti şirkətinin nümayəndəsi Hikmət Abdullazadənin sözlərinə görə, ərazidə piyadalar üçün səki də nəzərdə tutulub.
Mütəxəssislər isə deyirlər ki, bu cür narazılıqların yaşanmaması üçün tikinti şirkətləri işə başlamamışdan öncə hərəkət olan hissə ilə inşa olunacaq bina arasındakı ara məsafəni gözləməlidirlər. Tikinti eksperti Ramil Osmanlının sözlərinə görə, bir çox hallarda mühafizə zolaqları pozulur. Binalar bir qayda olaraq yol kənarına yerləşdirilir və bu da nəticə etibarı ilə təqribən 3,4 metrlik piyada səkilərinin, yol çiyinlərinin tikinti şirkətləri üçün tikinti meydançasına çevirilməsinə, zəbt olunmasına gətirib çıxarır. “Belə problemlərin yaşanmaması üçün hesab edirəm ki, mühafizə zolaqlarına ciddi şəkildə əməl olunmalıdır. Müvafiq icra hakimiyyət orqanı, tikintiyə icazə verən təşkilat, qurum layihəni təsdiq edərkən tikinti şirkətini qarşısına öhdəlik, tələb qoymalıdır ki, mühafizə zolağına əməl etsin”.
LAMİYƏ
