Slovakiya Aİ sanksiyalarına veto qoymağa davam edir
Slovakiya baş naziri Robert Fico Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketinə veto qoyduğunu təsdiqləyib. Brüsseldə səfirlər səviyyəsində keçirilən görüşdə bu veto yenidən qüvvədə qalıb.
Sanksiyalar paketi Rusiya maliyyə və enerji sektorlarını, o cümlədən "Şimal axını" boru kəmərlərini hədəfləyir. Lakin Slovakiya bu məhdudiyyətlərə qarşı deyil – əsas etiraz ölkənin 2027-ci ilə qədər bütün Rusiya yanacaqlarından imtina etməsinə dair təklifədir.
Slovakiya bildirir ki, bu addım enerji təhlükəsizliyinə zərbə vuracaq, qiymətləri artıracaq və iqtisadi rəqabət qabiliyyətini zəiflədəcək. Buna görə də Fico Aİ-dən maliyyə kompensasiyası tələb edir. O, əgər uzunmüddətli qaz müqaviləsi ləğv edilərsə, Gazprom tərəfindən 16-20 milyard avro dəyərində iddia ilə üzləşə biləcəklərini deyib.
Avropa Komissiyası isə Slovakiyanın enerji təchizatını sabit saxlamaq və qiymət artımının qarşısını almaq üçün yardım göstərməyə hazır olduğunu bildirib. Hələlik heç bir konkret razılaşma əldə olunmayıb, amma növbəti danışıqlar gözlənilir.
Euronews
Billurə Quliyeva