Sənətulla -Eynulla İbrahimov
“1910-cu ildən sonra baş verən qlobal miqyaslı I cahan savaşı, marksizm-leninizim ideologiyasından doğan sosialist inqilab məfkurəsi, Rusiya imperiyasının süqutu ilə bağlı sürüşən siyasi düşüncələr öz təsirini Azərbaycanda da göstərirdi”. Türklük əxlaqına və düşüncə tərzinə qulluq edən millətpərəst aydınlarımız bu sürüşkən siyasətin qurbanı olaraq uzun illər qeyri-obyektiv, qərəzli tənqidə, təhqirə, sürgünə, həbsə məruz qaldılar.
Onlardan biri də “Füyuzat” ədəbi məktəbinin yetirməsi olan publisit, jurnalist, naşir Sənətulla-Eynulla İbrahimov idi. Ədəbiyyatşünas alim Məmməd Cəfər Cəfərov “Azərbaycan ədəbiyyatında romantizim” adlı əsərində yazırdı: “Milliyyətcə azərbaycanlı olmasa da, uzun müddət Azərbaycanda yaşayıb burjua mətbuatına rəhbərlik edən Sənətulla-Eynulla İbrahimov kimi panislamist-pantürkist yazıçılar da var idi ki, onlar, müdafiə etdikləri “türk burjuaziyasının” mənafeyinə uyğun olaraq, gündə bir siyasi dona girib, mürtəce görüşləri təbliğ edirdilər”.
Qəribədir romantik Səid Səlmasini “əvəzsiz itki” adlandıran M.C.Cəfərov nədənsə bütün əsər boyu Sənətulla-Eynulla İbrahimovu tənqid atəşinə tutur və onun yazarların siyasətə qarşmamaq fikrinin əlehinə çıxırdı: “İbrahimovun yeganə mülahizəsi bundan ibarətdir ki, şairlər, ədiblər gərək siyasət, ictimaiyyət məsələləri ilə məşğul olmasın, müəyyən siyasi firqələrə mənsub olmaq, siyasətlə uğraşmaq şairlərin, ədiblərin vəzifəsinə daxil deyil. Bundan əlavə mürtəce islamçılıq, türkçülük ideyalarının mənfi təsiri S.E.İbrahimovun məqalələrində özünü daha kəsgin şəkildə əks etdirirdi”.
Hörmətli alim M.C.Cəfərov bu sözləri yazanda 1963-cü il idi. Cəmiyyətdə romantiklərə qarşı münasibət dəyişmişdir. Sürgün, həbs edilən romantik ədəbi məktəbin nümayəndələrinə çoxdan bəraət verilmişdir. Bəs onda niyə yenə də onlar “panislamist”, “pantürkist”, “burjua mətbuatının nümayəndələri” deyə qamcılanırdı? Sözsüz, hörmətli alim yanlışlığa yol verdiyini bilirdi. Lakin, hələ də “ehtiyat”ı əldən verməyərək həqiqəti söyləməyə çəkinirdi.
Həqiqət isə belə idi; “Sənətulla Eynulla-İbrahimovun “fəaliyyətində, həyatında milli intibah ideyası başlıca yer tutan bir türkçü-turancı” qələm əhli idi. Ona görə də sovetlər dövründə tədqiqatcı alimlərimiz tərəfindən yalnız tənqidə, təhqirə məruz qaldı.
Əslən kazanlı olan Sənətulla-Eynulla İbrahimov 1881-ci ildə anadan olub. Bakıya 20-ci yüzilliyin ilk illərində gələn İbrahimov tez bir zamanda ədəbi mühitimizdə naşir, jurnalist, publisist, tərcüməçi, tənqidçi və ən əsası millətpərvər, millətsevər ziyalı kimi tanınıb. İlk mətbu çıxışları “Şəlalə”, “İqbal”, “Tərəqqi”, “Məlumat”, “Yeni irşad” qəzetlərində olan publisist 1912-1915-ci illər də fəaliyyətdə olan “İqbal” qəzetinin bir müddət naşiri və baş mühərriri olub.
Müsəlmanların mədəni yüksəlişi üçün mətbuatın mühüm rol oynadığını bilən İbrahimov bütün gücünü bu sahəyə verərək yazırdı: “Müsəlman qəzetləri miləli-sairə qəzetlərinə qiyas edilməz, beynəlmiləl münasibətlər və siyasətlər mübahisəsilə vəqt keçirməkdən ziyadə mənsub olduğu millətlərin həqiqi ehtiyacından, həyatına təəllüq edən məsələdən bəhs etməyə borcludurlar”.
Getdikcə püxtələşən publisist Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olan “Açıq söz”, “Bəsirət”, “Qurtuluş” kimi jurnal və qəzetlərin ən qabaqcıl yazarlarına çevrilərək qələmilə, sözüilə milli mədəniyət, milli azadlıq uğrunda mübarizə aparmışdı. Elə sovet ədəbiyyatşünasları tərəfindən tənqid edilməsinin də ən başlıca səbəbi publisistin millətpərəstliyi, xalqına bağlılığı, rus çarizminin xalqımıza qarş olan mənfi münasibətini açıq-aydın bəyan etməsi idi. O, Rusiyada yaşayan müsəlmanların və bütün türklərin mədəni inkişafı naminə çalışaraq Əli bəy Hüseynzadə kimi milli dil, milli mədəniyyət birliyinə çağrış edirdi. Bu sahədəki catışmamazlıqları “fəlakəti-ictimaiyyə” adlandırırdı.
Sosial azadlıq, sosial tərəqqi problemlərinə məqalələrində daha geniş yer ayıran müəllif çar rus hökumətinin müsəlmanlara qarşı mənfi münasibətlərini tənqid edərək “İqbal” qəzetinin 617-ci sayında “Milli məsələlər qarşısında bugünkü mövqeyimiz” adlı məqaləsində yazırdı: “Tarixin, müqəddəratın kim bilir müsəlmanlara verdigi nasıl bir tale məşumdur ki, bu gün heç bir dairədə, heç bir millətin əfkari-ümumiyyəsində müsəlmanlara tərəfdar və xeyirxah bir nöqtə görünməz”. Publisist bu sözləri yazdığı zamandan 100 ildən çox kecir. Dəyişən nədir? Bu gün də müsəlman-türk dünyasına birmənalı münasibət davam etmirmi? Ona görə də bütün “Füyuzat”çılar kimi S.E.İbrahimov da söydaşlarını Böyük Türk Dünyasının birliyi uğrunda mübarizəyə çağırırdı.
Müəllif yaradıcılığı boyu Qərb və Şərq xalqları arasında dini qarşıdurma, xiristian-müsəlman ziddiyyəti yaradanlara qarşı çıxaraq “yeni mədəniyyət” yaradanları tənqid edir və bu məsələdə elmi faktlar əsasında prinsipallıqla məsələyə yanaşırdı. Azərbaycanda “formalaşmış olan “füyuzat”çılıq nöqteyi-nəzərindən” çıxış edən müəllif hər sahədə milliyi, milli dəyərlərə bağlılığı üstün tutaraq tükçü şair Hamidin bu misralarını sanki özünə həyat devizi etmişdir:
Öylə bir əzm ilə çıxdım ki, yola,
Qarşıma çıxsa məzarım dönməm.
S.E.İbrahimov dövrün əksər yazarları ilə əqidə, amal dostu olmuşdur. Azərbaycan mətbuatı və ədəbiyyatı sahəsində öz dəsti-xəttləri olan Abdulla Surun və Mirzə Ələkbər Sabirin ölümünü Azərbaycan ədəbi mühiti üçün “sönən bir məşəl”ə bənzədərək bu acını belə təsvir edirdi: “Böyük türklük aləmində yüksək və parlaq bir kütleyi-əməl və istiqbal meydani-zəvalə çəkildi”.
Azərbaycanın “görən gözü, danışan dili, eşidən qulağı” adlandırılan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğluna “böyük bir nillətin babası” deyə müraciət edən S.E.İbrahimov onların 1909-1910-cu illərdə vətəndən mühacirət etməyə məcbur olduqlarından təəssüflənərək yazırdı: “...sahibi-ürfan olan zatların Qafqazdan çəkilmələri və böyük bir millət babası olan zati-həmiyyəti-səmaətin malikaneyi-mənəviyyəsi düşməsinə səbəblər törədildiyi əlavə edilirsə, düçar olduğumuz müsibətlərin nə qədər zərərli və acı olduğu kəndi-kəndinə təyin edilir”.
S.E.İbrahimov hər bir millətin varlığını onun dilinin yaşaması ilə bağlayırdı: “Hər millətin bir ünsiri-məxsus, bir milləti-məlumə olaraq yaşaması üçün ən ibtidai iki şeyə malik olması şərtidir: Ana dili və maarifi-milliyə”. “Elmi dəqiqlik və həssaslıq” tələb edən müəllif “milli ədəbi dil bizim zənn etdiyimiz kibi kolay bir şey deyildir” -deyərək qələm yoldaşlarına bu sahədə çox dəqiq və həssas olmağı tövsiyə edirdi.
“Filosof, şair və siyasət” sərlövhəli məqaləsində “Fəlsəfə ilə siyasət bir-birinə qarışmaz. Övhami-fəlsəfiyyət ilə mübarizeyi-həyat meydanına atılmaq olmaz” söyləyən publisist çox haqlı idi. Onun bu mövzuda olan məqalələri ilə tanış olarkən bəlli olur ki, ədib fəlsəfəni və siyasəti çox yaxşı bilib.
S.E.İbrahimovun mollanəsrəddinçilərə xüsusən də Mirzə Cəlilə və onun ömür-gün yoldaşı Həmidə xanıma çox böyük hörməti olub. 20-ci yüzilliyin əvvəllərin də ədəbi dil məsələsi ətrafında gedən müzakirələr də İbrahimov mollanəsrəddinçilərin mövqeyini dəstəkləyib. Bu haqda “İqbal” qəzetinin 25 avqust 1913-cü il tarixli sayın da geniş məzmunlu məqalə ilə çıxış edib. Həmçinin “Molla Nəsrəddin”in 16-cı sayının hökumət tərəfindən müsadirə edildiyi zaman S.E.İbrahimov qəzetinin 2 iyun 1913-cü il tarixli sayında məlumat verməklə yanaşı Mirzə Cəlilin məktubunu da çap edib. Məktub da jurnalın haqsız olaraq hökumət tərəfindən müsabirə edilməsinin səbəbləri göstərilib.
Həmidə xanım xatirələrində yazırdı ki: “Şuşada Pambıq Məntəqəsi rəisindən rəsmi sənəd və sənədə əlavə olunmuş anket aldım. Xahiş olunurdu ki, anketdə pambıqçılıqla bağlı verilmiş bütün suallara cavab yazım. Suallara cavab verdim və məktubu təyinatı üzrə geri göndərdim. Bir müddət sonra cavab məktubu aldım. Məni həmin ilin payızında keçiriləcək pambıqçıların qurultayına dəvət edirdilər. Mən Cənubi Qafqaz pambıqçılarının Tiflisdə keçirilən XIII qurultayın da çıxış etməli oldum. Qurultay Artistlər Cəmiyyətinin Böyük zalında keçirilirdi. Bütün məmur və mülkədar zümrəsi orada idi. İştirakçların sayı 500 nəfərə qədər olardı. Mən sıxılmadan məruzəmi oxudum. Müsəlman qadınının belə geniş və mötəbər yığıncaqda kürsüyə qalxıb məruzə oxuması onlara çox qəribə gəlmişdir”.
Həmidə xanımın bu çıxışı azərbaycanlı ziyalılar arasında çox böyük sevinc və sayğı ilə qarşılanır. Qəzetlər bu barədə qürurla yazırdılar. S.E.İbrahimov da “İqbal”da (Bax: “İqbal”, 11 noyabr 1912) Həmidə xanımın çıxışının xülasəsini verərək onu bu münasibətlə təbrik edib.
S.E.İbrahimovun publisistikasında fikir aydınlığı daha çox hiss olunur. Onun məqalələrində milli ictimai problemlər ön xəttdə verilid. “Türk məsələsi”, “Müharibə gedişləri”, “Müharibə qarşısında” sərlövhəli məqalələrində müəllifin mövqeyi açıq-aydın hiss olunur.
“Azərbaycandakı ədəbi-mədəni hərəkata tam və aydın baxışı” ilə secilən S.E.İbrahimovun elmi-nəzəri görüşləri, bədii yaradıcılığı bu gün öz elmi tədqiqini gözləyir. Bu tədqiq elmi ictimaiyyətimizə dəyərli töhvə olardı.
BDU-nun professoru Qərənfil Dünyaminqızı
