"Bədii ədəbiyyat və psixoloji kitablar insanın daxili dünyasına iki fərqli yol açır" -Yazıçı Fəridə
Müasir dövrdə kitab seçimi artıq sadəcə zövq məsələsi deyil, həm də şəxsi inkişafın bir parçasına çevrilib. Bir tərəfdə insanın daxili aləmini zənginləşdirən, empatiya hissini gücləndirən bədii ədəbiyyat, digər tərəfdə isə həyat problemlərinə praktik yanaşma təqdim edən psixoloji kitablar dayanır. Oxucu tez-tez seçim qarşısında qalır: ruhunu romanlarla bəsləsin, yoxsa düşüncəsini psixologiya kitabları ilə formalaşdırsın?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında yazıçı Fəridə bildirib ki, insan özünü tək bir istiqamətdə mütaliə etməklə tam tanıya bilməz. Bədii ədəbiyyat və psixoloji kitablar insanın daxili dünyasına iki fərqli yol açır:
"Bədii ədəbiyyat insana özünü başqa obrazlarda görmək imkanı verir. Duyğularını dolayı yolla tanıyırsan: başqasının sevgisi, qorxusu, qısqanclığı, itkisi, vicdanı sənin öz hisslərini sənə göstərir. “Niyə belə hiss etdim?” düşünürsən. Yəni bədii kitablar şüuraltına toxunur, düşündürür. Düşüncə isə səndə hiss yaradır.
Psixoloji kitablar isə həmin hissləri adlandırır və o hisslərin nəticəsində formalaşan davranışları izah edir. Tək psixologiya istiqamətində oxuyan adam bəzən mexanikiləşir, tək bədii oxuyan adam isə hiss edir, amma adlandıra bilmir. Ən sağlam və faydalı mütaliə forması ikisini paralel oxumaqdır.
Yəni Dostoyevskini oxuyub vicdanı hiss edirsən, Freydi oxuyanda isə vicdanı anlayırsan.
Emosional zənginlik baxımından bədii ədəbiyyat insanın iç dünyasını dərinləşdirir və incəlik qatır. Hisslərin rəngarəngləşir, empatiya güclənir, həyat təkcə ağ və qara, dib və zirvədən ibarət olmur. Aralıq çalarların hər birinə enə bilirsən, öz iç dünyana boylanırsan, hisslərini ifadə etmək asanlaşır.
Psixoloji kitablar, təbii ki, gündəlik həyatda davranışları real şəkildə dəyişə bilir. Əvvəl səni əsəbləşdirən situasiyaların indi psixoloji səbəblərini bildiyin üçün daha sakit olursan, çıxış yollarını rahat tapırsan, insanlara qarşı lazım olanda soyuqqanlı, lazım olanda mərhəmətli davrana bilirsən. İttiham etmirsən. Kimsə səhv edəndə o addımın arxasında hansı psixoloji, sosioloji və şəxsi nüansların dayandığını düşündüyün üçün daxili tarazlığını qoruya bilirsən.
Obrazlı desək, psixoloji kitablar oxumaq sanki qatı bir duman pərdəsini aralamaq kimidir: bir neçə addım irəlini daha aydın görürsən və bu da “qəza” ehtimalını xeyli azaldır".
Gövhər Mehyəddinova
