Son dəfə hansı kitabı oxumusunuz?
Sürətli informasiya axınının, qısa videoların və sosial şəbəkə səs-küyünün hökm sürdüyü bir dövrdə kitab oxuyan gənclik hələ də var. Onlar səhifələr arasında təkcə hekayələr yox, özlərini, düşüncələrini və gələcəklərini axtarırlar. Kitab bu nəsil üçün sadəcə vaxt keçirmək vasitəsi deyil, həm də düşünməyi, hiss etməyi və sual verməyi öyrədən bir məktəbdir.
“İnformator.az”a danışan ADNSU tələbəsi Aysel Məmmədova bildirib ki, son oxuduğu kitab Fyodor Dostoyevskinin “İnsan nə ilə yaşayır?” əsəri olub:
“Kitabla ilk tanışlığım isə uşaq yaşlarımda Cəlil Məmmədquluzadənin hekayələri ilə başlayıb. O vaxtdan oxumaq mənim üçün vərdişə çevrilib. Evimizdə kitab oxumaq adi bir hal idi. Valideynlərimin kitab oxuduğunu görmək məndə də maraq oyadıb. Psixoloji və fəlsəfi ədəbiyyatı sevirəm, çünki bu janr insanın özünü daha dərindən tanımasına kömək edir. Paulo Koelyonun “Kimyagər” romanı mənə arzuların arxasınca getmək cəsarəti verib".
Saytımıza danışan Elmira Novruzova bildirib ki, son olaraq Corc Oruellin “1984” romanını oxuyub:
“Bu kitab uzun müddətdir siyahımda idi və nəhayət oxuyanda düşündüyümdən də təsirli olduğunu gördüm. Oxumağa marağım isə orta məktəb illərində ədəbiyyat müəllimimin verdiyi əlavə oxu tapşırıqları ilə yaranıb. Zamanla kitablar mənim üçün dərsdən çox düşünmək üçün bir vasitəyə çevrilib. Ailəm oxumağa məcbur etməyib, amma kitabı dəyər kimi təqdim edib. Evdə kitabın hörmət görməsi, fikrin və sözün qiymətli sayılması məndə də oxumağa qarşı məsuliyyət hissi yaradıb. “1984” kitabı mənim azadlıq, informasiya və fərdi düşüncə anlayışımı yenidən formalaşdırıb".
Milana Əliyeva isə bildirib ki, son oxuduğu kitab Elif Şafaqın “On dəqiqə otuz səkkiz saniyə” romanıdır:
"Kitab insanın həyatının bir neçə dəqiqəyə sığa biləcək qədər kövrək olduğunu göstərir. Oxumağa isə uşaq yaşlarında ensiklopediyalar və nağıllarla başlayıb. Müasir romanlar və qadın talelərindən bəhs edən əsərləri daha çox sevir. Bu kitablar ona fərqli həyat hekayələrini anlamağı, empati qurmağı öyrədir. Xalid Hüseyninin “Min möhtəşəm günəş” romanı isə insan münasibətlərinə baxışını dəyişib. Günah, bağışlama və sədaqət anlayışlarını daha dərindən dərk etməsinə səbəb olub".
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Əsmayə Hüseynzadə bildirib ki, mütaliə edən gənclərdə diqqət toplama bacarığı, empati səviyyəsi və tənqidi düşünmə daha yüksək olur:
“Oxumayan gənclərdə isə sürətli informasiya istehlakına bağlı olaraq səthi düşünmə, səbirsizlik və emosional reaksiyaların daha tez-tez müşahidə olunduğunu görürük. Kitab oxuyan gənclər daxili dialoqa daha açıq olur, oxumayanlar isə düşüncələrini ifadə etməkdə çətinlik çəkə bilirlər. Kitab oxumaq gəncin öz duyğularını tanımasına və adlandırmasına kömək edir. Oxuduğu obrazlar vasitəsilə insan öz daxili konfliktlərini, qorxularını və arzularını kənardan görür. Bu proses özünüdərk üçün çox vacibdir. Oxuyan gənc nə hiss etdiyini bilir və bunu ifadə etməkdən çəkinmir. Oxumayan gənclərdə diqqət dağınıqlığı, empati zəifliyi və ünsiyyətdə çətinliklər müşahidə oluna bilər ki, bu da sosial münasibətlərə mənfi təsir göstərir".
Ədilə Hüseynzadə
