Son turda böyük dəyişiklik: “Neftçi” və “Sabah” səfərə, qərarlar isə müzakirə mövzusunda
Misli Premyer Liqası-da XXXIII turun cədvəli açıqlanıb və son tur ərəfəsində bəzi oyunların məkanı dəyişdirilib. Klubların müraciəti və stadionların razılığı əsasında Kəpəz - Neftçi qarşılaşması Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, Turan Tovuz - Sabah oyunu isə Bakıda, Bank Respublika Arenada keçiriləcək. Qərarın həm idman prinsipləri, həm də avrokuboklara hazırlıq baxımından daha uyğun şərait yaratmaq məqsədi daşıdığı bildirilir.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, son turun keçirilməsi ilə bağlı qeyri-adi heç bir məqam yoxdur:
“Artıq çempion, elitaya vəsiqə qazanan komandalar, eləcə də avrokuboklara yollanacaq kollektivlər məlumdur. Bu baxımdan turun xüsusi bir əhəmiyyəti yoxdur. Daha çox simvolik xarakter daşıyır.
Kompakt və maraqlı turun keçiriləcəyini düşünürük. Gənc futbolçulara da şans veriləcək.
Bu qərar bütün komandalar üçün ortaq razılıq əsasında qəbul olunub. Burada hansısa qeyri-adi məqam yoxdur. Əksinə, bəzi komandalar üçün faydalı addımdır. Avropa məqsədinə çatan komandaların bəzi futbolçuları artıq istirahətə köklənirlər. Bu da normal haldır və müsbət məqam kimi qiymətləndirilə bilər. Burada problem axtarmağa ehtiyac yoxdur. Hər komandanın hansı pillədə qərarlaşacağı artıq məlumdur. Bu baxımdan, turu simvolik tur da adlandırmaq olar”.
Fatimə Hüseynli