Sonsuzluq problemi olan hər 6 qadından biri süni mayalanma etdirməlidir
Azer-Türk Med klinikasının baş həkmi, endoskopik cərrah Ersadik Turan 14 ildir ki, Azərbaycanda çalışır. Türkiyənin Hacettepe Üniversitesi Tıp Fakültesini bitirən həkimin müainə və müalicələri nəticəsində bu illər ərzində çoxlu sayda ailə həm təbii yolla, həm də süni mayalanma ilə övlad sahibi olub.
İnformator.az-ın məlumatına görə, Ersadik Turan "SalamNews"un sözügedən məsələ ilə bağlı suallarını cavablandırıb. 
Qadınların yaşları artdıqca keçirdikləri xəstəliklərin, əməliyyatların sayı da çoxalır
- Süni mayalanmaya müraciət edənlərin sayı ötən illərlə müqayisədə çoxalır, ya azalır? Bunun səbəbi nədir?
Süni mayalanmaya müraciət edənlərin sayı hər ötən gün artır. Çünki qadınlar artıq daha gec yaşlarında ailə qurmağa başlayırlar. Yaşları artdıqca keçirdikləri xəstəliklərin, əməliyyatların sayı da çoxalır. Hər hansı infeksiya olarsa, borular bağlanır, ya da əməliyyat olanda yumurtalıq rezervi azalır. Yaş artdıqca yumurtaların funksiyası zəifləyir.
- Süni mayalanma ilə bağlı təxminən dünya statistikası necədir?
Hər ötən il süni mayalanma ilə dünyaya gələn uşaqların sayı artmaqdadır. Ən son iştirak etdiyim beynəlxalq konfransda süni mayalanma ilə doğulan uşaqların sayının 5 milyona yaxınlaşdığı deyilmişdi. Hər 6 ailədən birində sonsuzluq problemi var. Sonsuzluq problemi olan hər 6 qadından biri süni mayalanma etdirməlidir. Yəni, sonsuzluq problemi olanların 10-15 faizi üçün süni mayalanma vacibdir.
2004-cü ildə süni mayalanmaya başladığımız zaman ailələr öz ətrafından, cəmiyyətdən bunu gizlədirdilər
- Sizcə süni mayalanma ilə uşaq dünyaya gətirən ailələr bunu ətrafdan, cəmiyyətdən niyə gizlədir?
Azərbaycana ilk gəldiyim, 2004-cü ildə süni mayalanmaya başladığımız zaman ailələr öz ətrafından, cəmiyyətdən bunu gizlədirdilər. Hətta ər-arvad bunu öz valideynlərinə, bacı və qardaşlarına da demirdi. Bizim yanımıza gizli gəlirdilər. Hətta bir çoxu süni mayalanma etdirdiklərini burda bilməsinlər deyə, xaricə gedirilər. Mən 14 ildir ki, burda çalışıram və son illər bunun azaldığını görürəm, yəni ətrafdan elə də gizlədilmir. İnsanlar süni mayalanma ilə uşaq sahibi olur, uşaq böyüyür, məktəbə getməyə başlayır və valideyn dünyaya gələn uşağın digərindən heç bir fərqinin olmadığını görür. O zaman ikinci uşaq üçün müraciət edirlər. Çox sayda insan da bu yolla uşaq dünyaya gətirdiyi, bir çox insanla ortaq nöqtələri olduğu üçün artıq əvvəlki kimi bunu gizlətmirlər.
- Belə fikirlər səslənir ki, müsəlman ölkələri süni mayalanmaya daha çox müraciət edirlər və bu da onların ailələrini qorumaq prinsipindən irərli gəlir. Siz nə deyərsiniz bu barədə.
Türkiyə də, Azərbaycan da müsəlman ölkəsidir. Müsəlmanlarda uşaq sevgisi ən yüksək sevgilərdən biridir. Eyni zamanda əksər müsəlman ailələri ən azı 3 övladının olmasını istəyir. Hələ də bizim cəmiyyətlərimizdə insanlar uşaq sahibi olmaq üçün ailə qururlar. Hətta uşağı olmayanlar ailələrini dağıdır, boşanırlar. Uşağın bizim cəmiyyətimizdə həqiqətən də çox əhəmiyyətli yeri var. Uşaqsız ailələr çətin qəbul edilir. Uşağı olmayan insanlar xoşbəxt olmur. Həm nəsillərini davam etdirmək, həm də uşaqları ilə daha xoşbəxt olmaq istəyirlər. Bizim cəmiyyətdə bu çox vacibdir. Avropada isə əhalinin sayı, dünyaya gələn uşaqların sayı hər gün azalmağa doğru gedir.
Çox sayda yumurta yetişdirməli olduğumuz üçün qadınlara 10 gün ərazində nəzarət altında ultrasonoqrafiya eləməliyik
- Süni mayalanmanın hansısa fəsadları ola bilər?
Süni mayalanmanın çox ciddi fəsadı yoxdur. Sadəcə çox sayda yumurta yetişdirməli olduğumuz üçün qadınlara 10 gün ərazində nəzarət altında ultrasonoqrafiya eləməliyik. Bu zaman qadınlarda çox sayda folekul ola bilər ki, bu da 100 qadından birində hiperstimulasyon dediyimiz vəziyyəti yaradır. Bu zaman qadınların qarnında su toplana bilər, bu nəzarət altında həyata keçirildiyi üçün tez bir zamanda bərpa edilir. Yumurta toplama zamanı isə çox nadir hallarda qadınlarda qanaxma ola bilər, ya da prosedurla əlaqəli olaraq infeksiya ola bilər. Bunlar da bərpa edilir. Qanaxma dayandırılır, infeksiya olduqda antibiotiklərlə müalicə edilir. Bu qorxuya səbəb olan proses deyil, ciddi fəsadları yoxdur.
- Ola bilərmi ki, əkiz uşaq istəyi ilə elə birbaşa süni mayalanmaya müraciət edən olsun?
İnsanlar süni mayalanmaya uşaq istədikləri üçün müraciət edir. Normalda dünyaya gələcək uşağın əkiz olmaq ehtimalı 1 faizdirsə, süni mayalanmada 40 faizdir. Bunun səbəbi odur ki, hamiləliyin baş tutması üçün bir neçə embrion köçürülür. İki, üç, bəzən isə dörd embrion köçürürük. Nəticədə də əkiz uşaqlar dünyaya gəlir. Belə olan halda, insanlar daha çox sevinir. Əziyyəti bir dəfə çəkməklə iki övlad sahibi olurlar. Ümumilikdə, süni mayalanma üçün müraciət edən insanlarda əkiz uşaq sahibi olmaq istəyi çox olur.
Azərbaycanda süni mayalanmaya 2004-cü ildə başlamışıq
- Azərbaycanda süni mayalanma doğulan ilk uşağın neçə yaşı var?
Azərbaycanda süni mayalanmaya 2004-cü ildə başlamışıq. 2005-ci ildə ilk uşaqlar dünyaya gəlib. İndi 2018-ci il olduğunu nəzərə alsaq, qeyd edə bilərəm ki, ilk uşağın 13 yaşı var. İnşallah o gün olar ki, bu uşaqların məktəbi bitirdiklərini, universiteti qurtarıb həkim olduqlarını, o həkimlərdən də ginekoloq və süni mayalanma üzrə mütəxəssis olduqlarını görərik. İnşallah, Allah bizə də ömür verər, arzularımıza çatarıq. Bu zirvəni birlikdə yaşayarıq. O gün olar onlaın da uşaqlarını dünyaya gətirərik. İnşallah bunlara nail olarıq.
Müsahibə üçün təşəkkür edirik!
