00:00:00
Yazar
Asiman Vəliyeva
19.03.2026 19:41 51 3 dəq oxuma
Sosial

Sosial media və informasiya manipulyasiyasının psixoloji təsiri

Sosial media və informasiya manipulyasiyasının psixoloji təsiri

Son illərdə sosial media və informasiya texnologiyalarının sürətlə yayılması ilə insanların gündəlik həyatında yalan xəbərlər və manipulyasiya halları daha çox görünməyə başlayıb. Bu cür informasiya axını yalnız ictimai rəyi formalaşdırmır, eyni zamanda insanların psixoloji vəziyyətinə də birbaşa təsir göstərir. Stress, narahatlıq, özünəinamın azalması və emosional həssaslıq kimi halları artıran belə manipulyasiyalar, xüsusilə, gənc nəsil arasında geniş yayılıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində psixoloq Əsmayə Hüseynzadə bildirir ki, son illərdə sosial media və kütləvi informasiya mühitinin sürətlə genişlənməsi insan psixikasına təsir edən yeni və mürəkkəb çağırışlar yaradıb:

 

“Bu mühitdə yayılan yanlış və manipulyativ informasiyalar təkcə ictimai rəyə deyil, həm də fərdin emosional vəziyyətinə, qərarvermə mexanizmlərinə və davranış modellərinə birbaşa təsir göstərir. İnsanlarda “yanlış informasiya ilə başa çıxma” bacarığı əsasən tənqidi düşünmə, media savadlılığı və emosional özünütənzimləmə üzərində qurulur. Sosial media mühitində bu bacarığın qorunması üçün bir neçə mühüm psixoloji strategiya mövcuddur. Məlumatın mənbəyini yoxlamaq və alternativ mənbələrlə müqayisə etmək vacibdir. Bundan əlavə, emosional reaksiya doğuran xəbərlərə dərhal inanmamaq, müəyyən fasilə verərək məlumatı daha soyuqqanlı analiz etmək tövsiyə olunur. İnformasiya “detoksu” adlandırılan, yəni müəyyən müddət sosial mediadan uzaqlaşmaq da psixoloji tarazlığın qorunmasında effektiv üsullardandır. Eyni zamanda, fərdin öz idrak qərəzlərini tanıması və bu qərəzlərə tənqidi yanaşması böyük rol oynayır”.

 

Həmçinin psixoloq qeyd edir ki, uzun müddət manipulativ informasiya mühitində qalmaq insanın psixoloji adaptasiya mexanizmlərini də dəyişdirir:


“Belə şəraitdə fərd ya həddindən artıq həssas və narahat olur, ya da əksinə, emosional olaraq “keyləşmə” yaşayır. Nəticədə insanlarda ya hər xəbərə şübhə ilə yanaşma, ya da passiv qəbul etmə davranışı formalaşır. Bu isə qərarvermədə qeyri-sabitlik, sosial inamsızlıq və informasiya yorğunluğu kimi hallara gətirib çıxarır. Uzunmüddətli perspektivdə bu cür təsirlər fərdin sosial münasibətlərinə, özünəinamına və ümumi psixoloji rifahına mənfi təsir edə bilər. Sosial media və kütləvi informasiya mühitində davranışları yönləndirmək üçün istifadə olunan manipulyasiya üsulları isə əsasən insan psixikasının zəif nöqtələrinə təsir etməyə əsaslanır. Bunlara qorxu yaratmaq, təkrarlama effekti , sosial sübut və emosional yüklü başlıqlar daxildir. Bundan əlavə, alqoritmlər vasitəsilə insanlara yalnız maraq dairəsinə uyğun məlumatların göstərilməsi “informasiya balonu” yaradır ki, bu da fərqli baxışların qəbulunu çətinləşdirir. Bu manipulyasiyaları tanımaq üçün isə insanlar bir neçə əsas məqama diqqət yetirməlidirlər: həddindən artıq emosional və sensasion başlıqlar, mənbəyi qeyri-müəyyən olan məlumatlar, faktlardan çox rəyə əsaslanan mətnlər və sürətli paylaşım çağırışları manipulyasiya əlamətləri ola bilər. Bu hallarda məlumatı dərhal qəbul etmək əvəzinə, onu analiz etmək, alternativ baxışları araşdırmaq və mümkün qədər obyektiv yanaşmaq psixoloji sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, müasir informasiya mühitində psixoloji dayanıqlılığın qorunması üçün tənqidi düşünmə, emosional nəzarət və düzgün informasiya seçimi əsas açar rolunu oynayır”.


Ədilə Hüseynzadə

#manipulyasiyasının #yeni #psixoloji #sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər