Sosial mediada linç mədəniyyəti
Sosial şəbəkələr fikir bildirmək üçün geniş imkanlar yaratsa da, bəzən kütləvi təzyiq və linç mühitinə çevrilir. Bir paylaşım insanın reputasiyasına və psixoloji vəziyyətinə ciddi zərər verə bilər. Bu hal ifadə azadlığı ilə etik sərhədlər arasında ziddiyyət yaradır.
Mövzu ilə bağlı bloger Nuranə Merdiyeva "İnformator.az" saytına açıqlamasında bildirib ki, kütləvi tənqid linç yaradır və bu fikir bildirməkdən fərqlənir:
"Linç mədəniyyəti əsasən sosial şəbəkələrdə hər hansı bir hadisə ilə bağlı məlumatlar tam araşdırılmadan yayılanda ortaya çıxır. İnsanlar çox vaxt emosiyalarına qapılaraq məsələni dərindən düşünmədən bir nəfəri və ya qrupu ittiham etməyə başlayırlar. Xüsusilə də yarımçıq və ya təsdiqlənməmiş xəbərlər kütləvi qınağa səbəb olur və bu da linç mədəniyyətini gücləndirir.
Belə təzyiqlər insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Linçə məruz qalan şəxslər özlərini cəmiyyətdən təcrid olunmuş hiss edə, stress və qorxu yaşaya bilərlər. Bəzi hallarda bu vəziyyət insanın təhsilinə, iş həyatına və sosial münasibətlərinə mənfi təsir edir. Davamlı təzyiq insanın özünə inamını azaldır və gələcək planlarına da zərər vura bilər.
Sosial şəbəkə platformaları da bu problemdə müəyyən məsuliyyət daşıyır. Çünki linç halları əsasən bu platformalar vasitəsilə yayılır. Paylaşımların sürətlə yayılması və nəzarətin zəif olması insanların bir-birini asanlıqla hədəf almasına şərait yaradır. Platformalar nifrət dolu şərhlərə və təhqirlərə qarşı daha ciddi qaydalar tətbiq etsə, bu cür halların qarşısını qismən almaq olar.
Linç mədəniyyətinə qarşı hüquqi mexanizmlərin olması vacibdir. İnsanların şərəf və ləyaqətini qorumaq üçün qanunlar bu cür hallara reaksiya verməlidir. Hüquqi məsuliyyətin olması insanları sosial şəbəkələrdə daha diqqətli davranmağa vadar edər. Bununla yanaşı, gənclər arasında media savadlılığının artırılması da linç mədəniyyəti ilə mübarizədə önəmli addım hesab olunur".
Ayisə Şərifova
