00:00:00
Yazar
Zəri Bayramlı
19.03.2026 21:27 151 2 dəq oxuma
Media

Sosial mediada saxta reklamlar və hüquqi nəticələri

Sosial mediada saxta reklamlar və hüquqi nəticələri

Son illərdə sosial media platformalarının sürətlə inkişafı ilə birlikdə brendlərin və məhsulların tanıtım üsulları da dəyişib. Bu platformalar geniş auditoriyaya çıxış imkanı verdiyi üçün marketinq və reklam sahəsində əhəmiyyətli rol oynayır. Lakin bəzən bu kanallardan istifadə edən şəxslər və təşkilatlar izləyicilərin inamından sui-istifadə edərək saxta məhsulların, qeyri-qanuni bizneslərin və dələduzluq xarakterli xidmətlərin reklamını yayımlaya bilirlər.
 

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, vətəndaş reklamda göstəriləndən daha aşağı keyfiyyətli məhsul alarsa, istehlakçı hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər:

 

“Azərbaycan Respublikasında reklamın sifarişi, istehsalı və yayımlanması sahəsində münasibətlərin, onlara nəzarətin və tənzimləmənin hüquqi əsasları “Reklam haqqında” qanunla tənzimlənir. Bu qanunun pozulması, həmçinin sui-istifadə hallarına yol verilməsinə görə həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində cəza tədbirləri nəzərdə tutulub. Əgər vətəndaş reklama əsaslanaraq məhsul əldə edirsə və həmin məhsul reklamda təqdim edildiyindən aşağı keyfiyyətlidirsə, bu zaman özünün istehlakçı hüquqlarının pozulması əsası ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər. Araşdırma nəticəsində şikayətdə qeyd edilənlər öz təsdiqini taparsa, həm vətəndaşa dəymiş zərər ödəniləcək, həm də keyfiyyətsiz məhsulu olduğundan daha üstün formada təqdim edən şəxs və yaxud da qurum barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Bununla bağlı vətəndaşlar onlara dəymiş zərəri tələb etmək üçün məhkəmədə iddia da qaldıra bilərlər”.

 

 

Hüquqşünas reklam vasitəsilə dələduzluq halları məsələsinə də toxunub: 

 

“Əgər şəxs reklam vasitəsilə özgənin əmlakını ələ keçirməyə çalışırsa və vətəndaş ödəniş etdiyi halda məhsul təqdim olunmursa, bu, dələduzluq hesab edilir. Zərərin məbləği 500 manatdan az olduqda isə təqsirkar şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunur. Əgər şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə reklamdan istifadə edirsə, bu vurulmuş zərərin məbləğindən asılı olaraq inzibati xəta və yaxud da cinayət əməli kimi dəyərləndirilə bilər. Belə ki, reklam olunan məhsulla bağlı vətəndaş ödəniş edirsə və həmin ödənişin qarşılığında hər hansı məhsul çatdırılmırsa, bu artıq dələduzluq hesab edilir.Vurulmuş zərərin məbləği 500 manatdan az olduqda zərər vuran şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilir, nəticədə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və yaxud da üç ayadək müddətə inzibati qaydada həbs edilir. Vurulmuş zərərin məbləği 500 manatdan artıq olduqda isə zərər vuran şəxs Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb edilir və vurulmuş zərərin məbləğindən asılı olaraq barəsində cərimə, ictimai işlər və yaxud da müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur”.

Zəri Bayramlı

 

 

#reklam #saxta #hüquq #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər