00:00:00
Yazar
Ayan Sadi
13.08.2026 23:33 95 2 dəq oxuma
Gündəm

Sosial şəbəkələrdə “ideal həyat” illüziyası: real həyatla müqayisənin sosial-psixoloji nəticələri

Sosial şəbəkələrdə “ideal həyat” illüziyası: real həyatla müqayisənin sosial-psixoloji nəticələri

Sosial şəbəkələrdə paylaşılan dəbdəbəli həyat tərzi, bahalı geyimlər, səyahətlər və uğur hekayələri xüsusilə gənclər üçün olduqca cəlbedici görünür. Lakin sosial mediada təqdim olunan bu “ideal həyat” görüntüləri hər zaman reallığı əks etdirmir. Bəs gənclər bu görüntülərə niyə aldanır və bunun hansı sosial və psixoloji nəticələri ola bilər?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Üzeyir Şəfi bildirir ki, sosial mediada nümayiş etdirilən parlaq həyatın yalnız görünən tərəfidir. Onun sözlərinə görə, paylaşımların arxa planında tamamilə fərqli reallıq dayana bilər.

 

“Hər parlaq təqdimat həmin insanın bütün həyatının da elə olduğu anlamına gəlmir. Gənclər paylaşımın arxasında görünməyən həqiqətlərin də olduğunu bilməlidirlər”.

 

Üzeyir Şəfi qeyd edir ki, influenser və bloqerlərin həyatını kor-koranə təqlid etmək insanı öz fərdi xüsusiyyətlərindən uzaqlaşdıra bilər. Sosioloqun fikrincə, hər bir insanın bacarığı, potensialı, maddi imkanları və həyat şəraiti fərqlidir. Buna görə də gənclər başqalarının həyatını təkrarlamağa deyil, öz imkanlarına uyğun məqsədlər müəyyənləşdirməyə çalışmalıdırlar.

 

“Arzularla imkanlar arasında ciddi uyğunsuzluq yarandıqda gənclərdə stress, depressiv əhval-ruhiyyə və melanxoliya kimi psixoloji problemlər meydana çıxa bilər. Gənclər sosial mediada gördükləri məzmunu tənqidi düşüncə ilə qiymətləndirməli, informasiya savadlılığını inkişaf etdirməli və ideal kimi başqalarının deyil, öz hədəflərinin arxasınca getməlidirlər”.

 

Sosioloqun fikrincə, sosial şəbəkələrdən istifadə zamanı əsas məqsəd başqalarının həyatını öz həyatı ilə müqayisə etmək deyil, təqdim olunan informasiyanın nə dərəcədə real və obyektiv olduğunu dəyərləndirmək olmalıdır.

 

Sonda Üzeyir Şəfi vurğulayır ki, gənclər başqalarının həyatını yaşamağa və onlara bənzəməyə çalışmaq əvəzinə, öz bacarıq və imkanlarını nəzərə alaraq arzu və məqsədlərinə doğru irəliləməlidirlər. Sosial mediada görünən “ideal həyat” deyil, insanın öz reallığı və həmin reallıqda qurduğu məqsədlər əsas götürülməlidir.

 

Süsən Mərdalıqızı

#azərbaycan #xəbər #“ideal #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər