00:00:00
Yazar
Səadət Əlizadə
06.04.2026 13:42 13 2 dəq oxuma
Media

Sosial şəbəkələrdə paylaşım: hüquqi məsuliyyət və bilməli olduğunuz qaydalar

Sosial şəbəkələrdə paylaşım: hüquqi məsuliyyət və bilməli olduğunuz qaydalar

İnternetdə yazdığınız və paylaşdığınız məlumatlara görə qanun qarşısında məsuliyyət yarana bilər. Qanunvericiliyin tələblərinə əsasən, yayılması qadağan edilən informasiyanı internetdə yerləşdirən və ya onu silməkdən imtina edən şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilərlər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Vəkil Zibeydə Sadıqova bildirib ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1-ci maddələrinə əsasən, sosial şəbəkələrdə yazılan paylaşımlara görə cəza tətbiq olunur:


“Yayılan məlumatın qadağan olunub-olunmaması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir. Bu qanunun 13-2.3.6-1-ci maddəsinə görə, əgər paylaşım kütləvi şəkildə ictimai mənəviyyatı təhqir edirsə və ya cəmiyyətə açıq hörmətsizlik göstərirsə, bu qadağan edilir. Buraya əxlaqsız ifadələr, belə məna verən jestlər və insan bədəninin əxlaq və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi daxildir.
Prokurorluq və polis sosial şəbəkələrdəki paylaşımları izləyir və onların qanunsuz olub-olmadığını müəyyən edir. Amma qanunda “açıq hörmətsizlik”, “əxlaqsız ifadə” və ya “milli-mənəvi dəyərlərə zidd məlumat” anlayışları konkret şəkildə izah olunmayıb.
İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə, belə paylaşımlar edən şəxs 500 manatdan 1000 manatadək cərimə oluna bilər və bəzi hallarda 1 aya qədər inzibati həbs tətbiq edilə bilər. Əgər bu əməl 1 il ərzində təkrar olunarsa, cərimə 1000 manatdan 2000 manatadək artır və həbs müddəti 2 aya qədər ola bilər”.


Əlavə olaraq Vəkil bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə görə isə qanunla qadağan olunan məlumatı internetdə yerləşdirən fiziki şəxslər 500–1000 manat cərimə olunur və ya 1 aya qədər inzibati həbs edilə bilər:


“Vəzifəli şəxslər və hüquqi şəxslər üçün cərimələr daha yüksəkdir.
Əgər qanunu pozan paylaşım olarsa, həmin paylaşımdan zərər çəkən şəxsin şikayəti və ya polis və prokurorluğun təqdimatı ilə araşdırma başlanır. Daha sonra müəyyən edilir ki, bu əməl inzibati xətadır, yoxsa cinayətdir.
Əgər inzibati xəta sayılarsa, cərimə və ya inzibati həbs tətbiq edilir. Əgər cinayət xarakterli olarsa, istintaq aparılır və təqsir sübut edilərsə, şəxs məsuliyyətə cəlb olunur.
Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci və 156-cı maddələri də şəxsi həyatın və yazışma sirrinin qorunması ilə bağlı məsuliyyət nəzərdə tutur”.

 

Səadət Əlizadə

#şəbəkələrdə #xəbər #bilməli #olduğunuz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər